Venesiyanın meri Luici Bruqnaro korrupsiya qalmaqalına görə artan təzyiq altındadır.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC Avstriyanın “ORF.at” İctimai Teleradioşirkətinin saytına istinadla xəbər verir ki, sağçı siyasətçi şəhər şurasının iclasında onun istefası ilə bağlı bütün çağırışları rədd edib.
Prokurorluq 62 yaşlı mer ilə bağlı rüşvətxorluq, eləcə də şəxsən ona məxsus əmlakla əlaqədar araşdırma aparır. Şəhər Şurasında mer bütün ittihamları rədd edib. “Mən heç bir səhv iş görməmişəm və şərəfim naminə mübarizə aparacağam”, – deyə Bruqnaro bildirib.
Ümumilikdə, onun aparat rəhbəri də daxil olmaqla 20-dən çox şübhəli şəxs istintaqa cəlb olunub. Ötən ay yol idarəsinin rəisi Renato Boraso həbs edilib. Ondan mənşəyi bəlli olmayan iki milyon avrodan çox pul müsadirə olunub.
Luici Bruqnaro 2015-ci ildən hakimiyyətdədir. İstintaq onun bir neçə il əvvəl beş milyon avroya aldığı lagünün girişindəki mülkü də araşdırır. Hazırda onun qiyməti 150 milyon avro dəyərində qiymətləndirilir.