“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb

Okt 29, 2020

Bu gün ölkəmizin informasiya savaşında vətənpərvər insanlar və könüllülər tərəfindən “Vikipediya”nın müxtəlif dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi uğurla davam etdirilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllüləri “Vikipediya”nın özbək dili bölməsində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, tanınmış şəxsiyyətləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalələrin yaradılmasını uğurla davam etdirirlər.

Bu barədə “QİA.AZ”a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, mərkəzin “viki” könüllüləri tərəfindən peşəkar səviyyədə “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb. Məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci il sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı ermənilər tərəfindən törədilmiş kütləvi talanlar və qırğın aktından bəhs olunur. Bildirilir ki, hadisənin başvermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsidir.

“Bugünkü informasiya müharibəsi dövründə Qarabağın tarixi, erməni vandalizmi, ermənilərin son təxribatları ilə bağlı məlumatların “Vikipediya”da müxtəlif dillərdə yaradılması, yerləşdirilməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacibdir. Qarşıda mərkəz tərəfindən Azərbaycana aid bir sıra məqalələrin yaradılıb özbək oxucularının ixtiyarına verilməsi planlaşdırılır” – deyə, E.Eltürk qeyd edib.

Oxşar Xəbərlər