Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə yönəldib, tapşırıq və tövsiyələrini verib.
Bu barədə “QİA.AZ“a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Nazir cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.
Ayrıca olaraq narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.
Eyni zamanda, vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.