Rusiya Prezidenti Vladimir Putin ölkəsində yaşanan “Vaqner” böhranı ilə bağlı ilk açıqlamasını edib. O, Rusiyaya zərbə adlandırdığı daxili qiyamın cəzasının ağır olacağını bildirib.
QİA.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Prezidenti Putin “Vaqner” mühafizə qrupunun Rusiya qüvvələrinə qarşı başlatdığı üsyanı dəyərləndirmək üçün kamera qarşısına keçib.
Putin baş verənlərin dövlətə qarşı çevriliş olduğunu vurğulayıb: “Bu, tam bir xəyanətdir, biz dövlətimizi istənilən yolla müdafiə etməyə hazırıq. Kürəyimizdən bıçaqlandığımızı görürük. Bunun cəzası çox ağır olacaq. İğtişaşda iştirak edən hər kəs cəzalandırılacaq”.
Putin “Vaqner” əsgərlərinə müraciət edərək, onları etdikləri səhvdən çəkinməyə, bu cinayəti etməməyə çağırıb.
“Biz bu mübarizədə qalib gələcəyik, daha da güclü olacağıq”,-deyə Putin vurğulayıb.
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən “Vaqner” Xüsusi Hərbi Mühafizə Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, nəticədə çox sayda döyüşçü ölüb. O, bu vəhşiliyə cavab verəcəklərini açıqlayıb.
Rusiya KİV-in yaydığı məlumata görə, ölkədə fəaliyyət göstərən “Vaqner” Xüsusi Hərbi Mühafizə Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya ordusunu bu ölkənin hərbi rəhbərliyinə qarşı silahlı qiyama çağırıb.
Məlumata görə, Rusiya hakimiyyəti ölkənin bir sıra bölgələrində, o cümlədən Moskva şəhəri və vilayətində, eləcə də Voronejdə antiterror əməliyyat rejimi elan edib.