Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
QİA.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Vladimir Putin Cozef Baydeni ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib.
Kreml rəhbəri bildirib ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına cavab verərdi.
Qeyd edilir ki, Vladimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında notalardan məmnunluğunu bildiriblər.
Dövlət başçılarının telefon danışığında koronavirus pandemiyası kimi kəskin problemlə mübarizə şəraitində ticarət-iqtisadi sfera da daxil olmaqla, digər sahələrdə də əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Həmçinin ikitərəfli və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub. Cozef Bayden Ukraynanın suverenliyinə dəstəyini ifadə edib. ABŞ və Rusiya rəhbərləri eləcə də İranın nüvə proqramı, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə nizamlanmasına da toxunublar.
“Rusiya və ABŞ prezidentləri arasında ilk danışıq işgüzar və açıq xarakter daşıyıb. Dövlət başçıları təmasları davam etdirməyi razılaşdırıblar”, – Kremldən bildirilib.
Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.