Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, qızıl medalları komandalara Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartveşvili təqdim ediblər.
Ç.Hüseynzadə qadın voleybolçuların Yüksək Liqasında möhtəşəm oyun münasibətilə “Azərreyl” və “Abşeron” komandalarını təbrik edib. O, Azərbaycan voleybolunun yüksək səviyyədə inkişaf etdiyini bildirib.
AVF-nin prezidenti Şahin Bağırov hər iki kollektivə gələcək oyunlarda uğurlar arzulayıb. O, möhtəşəm dəstək üçün azarkeşlərə təşəkkürünü bildirib. Federasiya prezidenti bölgələrdə də voleybolun inkişaf etdiyini diqqətə çatdırıb.
Həm kişi, həm də qadın voleybolçuların Yüksək Liqasında qalib olan “Azərreyl”in hər iki komandasına çempionluq kuboku və qızıl medallar təqdim olunub.
Kişi voleybolçular arasında gümüş medallar “Murov Az Terminal”a, bürünc mükafatlar isə “Neftçi” komandasına verilib.
Qadınların yarışında isə “Abşeron” ikinci, “Murov Az Terminal” üçüncü yerin sahibi olaraq mükafatlandırılıb.