Vüsal Qasımlı: “Məlum qətnamə Fransanın Cənubi Qafqaz maraqlarına zərbədir”

“Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edib, noyabrın 25-də sənəd müzakirə edilərək qəbul olunub”.

“QİA.AZ”ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, erməni lobbisinin təsiri altında qəbul edilən qətnamə həm də regionda yeni reallıqların həzm edilə bilmədiyini göstərir: “Əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına düşür. Ermənistan və Gürcüstanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət həcmindən 2 dəfə azdır. 2019-cu ilin məlumatına əsasən, Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon ABŞ dolları olub. Müqayisə üçün deyək ki, Ermənistanın 2019-cu ildə Fransaya ixracı cəmi 8,72 milyon ABŞ dolları, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon ABŞ dolları olub. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlığını üstün tutur”.

V.Qasımlı bildirib ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub: “2019-cu ildə Azərbaycandan Fransaya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb. Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Azərbaycanın 2019-cu ildə Fransadan idxal elədiyi məhsullara qatarlar, dəmir yolu və metro avadanlıqları, efir yağları, ətir və kosmetik vasitələr, dərman preparatları, nüvə reaktorları, elektrik avadanlıqları, avtomobil, mebel, işıqlandırma məhsulları və s. aiddir. Fransa Senatı erməni lobbisinin təsiri altında qəbul etdiyi qərarla öz şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflədirlər. Həm də Azərbaycan bazarında illik 200-300 milyon dollar mal satan, milyardlarla dollar tenderlərdə iştirak edən Fransa şirkətlərinin verdikləri verginin hesabına həmin senatorlar maaş alırlar. Belə çıxır ki, Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. 10 milyonluq Azərbaycan və 83 milyonluq Türkiyə istehlak bazarlarında Fransa şirkətlərinə çətinlik yaradan senatorları başa düşmək çətindir. Azərbaycan bazarında məhsul satan fransız mənşəli şirkətlər – Michelin, Renault, Citroen, Peugeot, Tefal, Loreal, Dior, Lancome, YvesSaintLaurent, Louis Vuitton, Lacoste, Chloe, Chanel, Nina Ricci, Cartier, Givenchy, Garnier, Danone, Activia, President, Perrier, Evian, Elle&Ville, Doux kimi bizneslər gərək Senatı başa salsınlar ki, bu şirkətlər Fransa büdcəsinə vergini öz ölkələrinin milli maraqları üçün ödəyirlər, erməni təəssübkeşliyi üçün yox”.

Onun sözlərinə görə, Azərbaycan həm də Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir: “Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri enerji (Total), nəqliyyat (Alstom, Thales, Iveco, Systra), ətraf mühit (Suez CNIM), kənd təsərrüfatı və qida (Lactalis, Danone), otel biznesi (ACCOR), bankçılıq (Societe Generale), aviasiya və kosmik sənaye (Airbus, Thales) kimi mühüm sahələrdə fəaliyyət göstərirlər. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyub, bunun 2 milyard dolları neft sektoruna, 194,1 milyon dolları qeyri-neft sənayesinə yönəldilib. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon ABŞ dolları təşkil edib. 2004-2018-ci illərdə Fransız şirkətləri ölkəmizə aid 2,3 milyard ABŞ dolları həcmində sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Xüsusən də Azərbaycanda post-konflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentarlara və hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir”.

V.Qasımlı daha sonra bildirib ki, Fransanın Total şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5% və Abşeron offshore ərazisində 50% paya sahibdir: “Fransanın Total şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Bəlkə, Total şirkəti Fransa parlamentinə və hökumətinə bunu izah etsin ki, Fransanın Azərbaycandakı çoxmilyardlı sərmayə qoyuluşları Ermənistan tərəfindən təhdid olunur. Bu ilin iyulunda Ermənistan Tovuz bölgəsində təkcə Azərbaycana deyil, həm də Totalın payçı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsinə hücum etmişdi. Azərbaycan təkcə öz ərazi bütövlüyünü deyil, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyi üçün əhəmiyyətli olan infrastrukturu da erməni faşizmindən qoruyur. Bunun müqabilindəmi Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edir? Fransa özünü Avropanın siyasi lideri kimi təqdim etməyə çalışdığı halda, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol alan Azərbaycanı niyə özündən narazı salır? Cənubi Qafqazda gərginlik yaratmaq Fransanın və Avropanın həyati maraqlarına ziddir”.

Onun sözlərinə görə, Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqlarının əleyhinədir: “Əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geostrateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Fransanın bu bölgədəki maraqları da sülh və təhlükəsizlikdirsə, Azərbaycanla əməkdaşlıq yeganə həldir. Əks təqdirdə, itirən Fransa olacaqdır. Fransa öz milli maraqlarını erməni havadarlığına qurban verməməlidir”.

Oxşar Xəbərlər