Mayın 10-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra YAP Xətai rayon təşkilatında davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev vurğulayıb ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz lider kimi təsdiq etmişdir. Dahi şəxsiyyət bildirmişdir ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Məhz ümummilli liderin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanı bütün təhlükələrdən və faciələrdən xilas etdi, bu günümüz üçün möhkəm təməl formalaşdırdı. Rafiq Quluyev bildirib ki, müstəqilliyimizin bərpasının ilk illətində Azərbaycanın hansı problemlərlə və faciələrlə üz-üzə qaldığı məlumdur. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyimizi itirmək təhlükəsini yaşadıq. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Torpaqlarımızın işğalı xalqımızın sabaha ümidini itirirdi. Belə bir çətin günlərdə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdışın ölkəmizin qarşısında hansı imkanları açdığını bugünkü reallığımızda aydın şəkildə görürük. Ümummilli lider müstəqilliyimizi daimi və sarsılmaz etdi. İcra Hakimiyyətinin başçısı onu da qeyd etdi ki, məhz bu möhkəm təməl üzərində ucalan müasir müstəqil Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. 2003-cü ildən dövlət başçısı İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. İşğal altında olan torpaqlarımız azad edildi, Azərbaycan Bayrağı bu torpaqlarda ucaldıldı. 2023-cü ildə suverenliyimiz tam bərpa edildi. Suverenliyimizin bərpası ilə Azərbaycanın həyatında yeni mərhələ başladı.
Azərbaycanın rəmzi kimi qəbul edilir. O, azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun hakimiyyətinin istər birinci, istərsə də ikinci dövründə azərbaycançılığın inkişafı və təbliği prioritet məsələlər sırasında idi. 1969-1982-ci illərdə milli ruhun yüksəlişini təmin etdi, xalqın yaddaşını özünə qaytardı, milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün zəmin yaratdı. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırış harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi oldu. Bildirildi ki, Vətən biridir, hamımız bu Vətən üçün çalışmalıyıq. Ulu öndərin hər bir addımının, çağırışının əsasında xalq, dövlət, Vətən sevgisi dayanırdı. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı Vətən sevgisini ortaya qoymaqla yanaşı, hər bir azərbaycanılya Vətəni sevmək çağırışı idi. Böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər hər kəsə Vətəni sevməyi öyrətdi. Vüqar Rəhimzadə vurğulayıb ki, illər keçdikcə ümummilli liderin xidmətlərinin miqyasının nə qədər böyük olduğu daha aydın görünür. 1993-cü ildən başlanan yol Azərbaycana hər bir sahədə davamlı uğurlar qazandırdı, ən yüksək zirvələri fəth etməsini təmin etdi və 2020-ci ildə tarixi Zəfərə, 2023-cü ildə isə suverenliyimizin tam bərpa edilməsinə imza atmasını şərtləndirdi. Bütün bu uğurlara yol açan dahi şəxsiyyətin xilaskarlıq missiyası oldu. Ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən xilas edən ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi. 2003-cü ildən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi bugünkü reallıqlarımızda, Zəfərlərimizdə öz aydın ifadəsini tapır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, cənab İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin əsasıdır. Ulu öndərin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderin təhsilin inkişafı istiqamətində atdığı addımlardan geniş bəhs edən natiq bildirib ki, ulu öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlı gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi idi. Ümummilli lider bu addımı ilə dəyərli təhsil ənənəsinin əsasını qoydu. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra təhsilin prioritetliyi atılan addımların miqyasında özünü göstərdi. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı. Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün misilsiz işlər görüb. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahənin inkişafına yönələn addımları təhsil sisteminin göstəricilərində özünün aydın ifadəsini tapır. Heydər Əliyev Fondunun təhsilin inkişafına yönələn layihələri də təqdirəlayiqdir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hazırda uğurla həyata keçirilir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov bildirib ki, ulu öndər Heydər Əliyev xalqını müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçimlər etməyə geniş imkanlar yaradır. Ümummilli lider Heydər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır. Hər bir azərbaycanlı böyük qürur hissi ilə bildirir ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasi kursun son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Zəfərdən Zəfərə aparır. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq prezident seçildikdən sonra andiçmə mərasimində ulu öndər Heydər Əliyevə bu müraciəti etmişdir ki, əsəriniz olan Azərbaycanı daha da zənginləşdirəcəyik, yeni-yeni zəfərlərə doğru aparacağıq. Son 20 ilin uğurları hər bir vədin reallığa çevrildiyinin təsdiqidir.
Şəhid mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxışında qeyd edib ki, bu gün möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir. Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edən ölkəmiz yeni qələbələrə doğru inamla irəliləyir. Dünya Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının, torpaq, Vətən sevgisinin bir daha şahidinə çevrildi.
Tədbirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən “Əbədiyaşar Lider” mövzusunda inşa yazı müsabiqəsinin, rayon gəncləri arasında baş tutan minifutbol və şahmat üzrə blitz turnirlərinin qalibləri və Dövlət İmtahan Mərkəzinin 3 mart 2024-cü il tarixində keçirdiyi buraxılış imtahanında 300 bal toplayaraq ən yüksək nəticə göstərən 257 saylı tam orta məktəbin şagirdi Fidan Rüstəmli mükafatlandırılıb. Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.