Xalq rəssamı Tahir Salahov vəfat edib

Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov vəfat edib.

“QİA.az” xəbər verir ki, bunu onun qızı Aydan Salahova TASS agentliyinə bildirib.

T.Salahov Almaniyada 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub.1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.

Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

Oxşar Xəbərlər