Cümə günü, iyulun 26-da Parisdə XXXIII Yay Olimpiya Oyunları start götürür və avqustun 11-də başa çatacaq.
Azərbaycan idmançıları əvvəlki Oyunlarda qazandıqları uğurları artıra biləcəkmi? Bu sual təkcə ölkəmizin idman ictimaiyyətini deyil, həm də vətəndaşların əksəriyyətini maraqlandırır.
Azərbaycanın aktivində Olimpiya Oyunlarına qazanılmış 41 lisenziya var. Onlar aşağıdakı idman növlərinə aiddir:
Güləş – yunan-Roma güləşçiləri Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq). Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqamedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq).
Cüdo – Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tskayev (81 kq), Elcan Hacıyev (90 kq) , Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq).
Boks – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev (+92 kq).
Bədii gimnastika – Zöhrə Ağamirova (fərdi), qrup hərəkətləri üzrə komanda (Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə və Darya Sorokina).
Badminton – Edi Reski Dviçao, Keyşa Fatimə Zəhra.
Üzgüçülük – Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə.
Ruslan Lunev (güllə atıcılığı, 10 metr), Anna Skidan (yüngül atletika/çəkic atma), Selcan Maxsudova (batut üzərində tullanma), Həşim Maqomedov (taekvondo, 58 kq), qadınlardan ibarət 3×3 basketbol komandası (Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer, Mersedes Uolker), avarçəkən Diana Dımçenko (2000 metr), Anna Başta (qılıncoynatma, qılınc), Rostislav Pevtsov (triatlon) və Yaylagül Ramazanova (kamandan oxatma) hərəyə bir lisenziya qazanıblar.
Sevindirici fakt odur ki, Olimpiya yığmasının tərkibində Azərbaycan müstəqillik əldə etdikdən sonra doğulan və ilk dəfə Olimpiadada iştirak edəcək idmançılar var. Bu fakt müstəqillik dövründə Azərbaycan idmanının keçdiyi mühüm inkişaf yolunun daha bir sübutudur. Ölkədə perspektivli yeniyetmə və gənc idmançıların üzə çıxarılması üçün əlverişli şərait yaradılıb.
Komandanın tərkibi beynəlxalqdır və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti mötəbər beynəlxalq yarışlarda lisenziya qazana bilmiş və eyni zamanda, həmin yarışların qalibi olmuşlar. Bu idmançılar dünya və Avropa çempionu titullarına layiq görülüblər.
Azərbaycan idmançılarının Oyunlarda necə çıxış edəcəyini artıq yarışın ilk günlərində öyrənəcəyik, çünki ölkəmizin təmsilçiləri demək olar ki, hər gün Olimpiya medalları uğrunda mübarizə aparacaqlar.
Bu, ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk Oyunlardır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun sıralarında 500-ə yaxın idmançı döyüşüb, onlardan 54-ü şəhid olub, daha 51-i müxtəlif dərəcəli xəsarət alıb.
Artıq bir neçə ildir ki, işğaldan azad edilmiş torpaqlarda beynəlxalq idman yarışları keçirilir.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdəki çıxışında undan əvvəlki – 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə bir neçə idman tədbirinin keçirildiyini deyib. “Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”, -deyə Prezident qeyd edib.
Azərbaycan Prezidentinin də vurğuladığı kimi, işğaldan azad edilən hər bir şəhərdə idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin baş planları təsdiq edilib. Ağdamın məşhur “İmarət” stadionu üçün yeni layihə hazırlanır. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi tikiləcək.
Dövlətimizin başçısı bildirib: “Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq”.
Prezident İlham Əliyev daha sonra deyib: “Bütün bunları qeyd edərək bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.
Xankəndinin işğaldan azad edilməsindən sonra ilk idman yarışı ötən il dekabrın 21-də şəhər stadionunda futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” komandası ilə Bakının MOİK klubu arasında baş tutub. Fasilə zamanı olimpiyaçılarla görüşən dövlət başçısı qeyd edib ki, “bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.
Dövlət başçısı qeyd edib ki, dünyada xalqın və dövlətin döyüş meydanında qan tökərək, şəhidlər verərək, uzun illər işğal altında olan, üzərində qurub-yaratdığı torpaqlarını işğaldan azad etməsindən cəmi üç il sonra artıq işğaldan azad edilmiş ərazilərdə Bakıdan və başqa yerlərdən vətəndaşların gəlib qürur hissi ilə futbol matçı keçirdikləri belə hadisə olmayıb. Azərbaycan Prezidenti qürurla əlavə edib: “Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
Artıq onilliklərdir ki, Azərbaycan Prezidenti, ölkənin Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev idmançıların beynəlxalq yarışlarda uğurlu çıxışlarını qiymətləndirərkən aşağıdakı kəlamı səsləndirir: “Harada iş varsa, həmişə qələbələr də olacaq”. Bu sözlər indi təkcə idmançılara deyil, torpaqlarımızı işğaldan azad etmiş qəhrəman döyüşçülərə də aiddir.
Dörd ildə bir dəfə keçirilən növbəti Olimpiya Oyunlarına sayılı günlər qalıb. İdman həvəskarları Fransa torpağında mükafatlar uğrunda gərgin mübarizəni səbirsizliklə gözləyirlər. Azərbaycan yığmasının açılış mərasimində yürüşünün önündə cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev addımlayacaqlar. Əminik ki, iyulun 26-da Parisdə yığma komandamızın bayraqdarlarının dalğalandıracağı Dövlət Bayrağımız Odlar yurdunun möhtəşəm Himninin sədaları altında atletlərimizin qələbələri şərəfinə dəfələrlə yüksəklərə qalxacaq.