Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin əməkdaşları iştirak ediblər.
Qia.az-ın bölgə müxbiri xəbər verir ki, iclasda işçi qrupun üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası, yer təkindən istifadə sahəsində görülən işlər, meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması istiqamətində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tingçilik Təsərrüfatı”nın yaradılması ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Həmçinin “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlər, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası istiqamətində görülən işlər, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı yerinə yetirilmiş tədbirlər haqqında iclas iştirakçılarına məlumat verilib.
İclasda infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.
Sonra iştirakçılar Xankəndi şəhərində yenidən qurulmuş avtomat meteoroloji stansiyanın işi ilə tanış olublar.
12:28
Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir.
Qia.az-ın bölgə müxbiri xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.
İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası, yer təkindən istifadə sahəsində görülən işlər, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlər, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası istiqamətində görülən işlər, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması və s. məsələlər müzakirə olunur.