Xaricdə Azərbaycan dilli məktəblərin şagirdləri üçün ana dili vəsaiti hazırlanıb

Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərin 6-10 yaşlı şagirdləri üçün Azərbaycan dili tədris vəsaiti hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a bildirilib ki, dünyada yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə əlaqələrinin daha da güclənməsi istiqamətində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir.

Qeyd olunub ki, xaricdə yaşayan soydaşlarımızın ana dillərini unutmaması, Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı barədə bütün zəruri biliklərə yiyələnməsi üçün davamlı işlər görülür. Bu istiqamətdə indiyədək müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir.

Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərin 6-10 yaşlı şagirdləri üçün Azərbaycan dili tədris vəsaiti hazırlanıb. Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə çap edilən kitab Azərbaycan Dillər Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının dosenti Səbinə Əliyeva tərəfindən yazılıb.

Kitabın hazırlanmasında uşaqların yaş səviyyəsi, dünyagörüşü, maraq dairəsi, Azərbaycan dilində ünsiyyət qurması üçün zəruri ehtiyacları nəzərə alınıb. 37 bölmədən ibarət olan kitabda qrammatik qaydalar, oxu materialları, yazı bacarıqlarını və şifahi nitqi inkişaf etdirən müxtəlif səpkili tapşırıqlar yer alıb.

Oxşar Xəbərlər