Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər edən Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərləri Füzulinin Kürdlər kəndində olublar.
“QİA.AZ”ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ermənilərin kənddə törətdikləri vandalizm aktları, o cümlədən qəbiristanlıqdakı məzarları dağıtmaları barədə məlumat veriblər. Bununla yanaşı, ermənilərin tarixi, mədəni abidələri dağıtmaları diplomatların diqqətinə çatdırılıb.