Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin maaşları artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəyyən edilib ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən ödənilir.

Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar Xəbərlər