Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il aprelin 18-də verdiyi müsahibəyə istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə təhrif dolu bəyanatını qətiyyətlə rədd edirik.
QİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in aprelin 19-da Azərbaycan əleyhinə yaydığı bəyanata dair şərhində qeyd olunub.
Azərbaycan XİN-in şərhində bildirilib ki, 30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən, Azərbaycan torpaqlarının işğalına son qoyulması barədə beynəlxalq təşkilatların və tərəfdaşların çağırışlarına məhəl qoymayan Ermənistanın özünü sülhpərvər tərəf kimi göstərməsi və Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir.
Beynəlxalq öhdəliklərə və hətta Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, sonuncu dəfə İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan Bayrağının yandırılmasından da göründüyü kimi, Azərbaycana qarşı nifrət zəminində irqi ədavətin təşviq olunmasını davam etdirən, nifrət zəminində hərəkət edən şəxslərin və etnik-milliyyətçi qrupların fəaliyyətini alqışlayan, belə hərəkətlərə görə cəza verməyən, azərbaycanlı əsirlərinə qarşı vəhşiliklər, kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanın guya nifrət zəminində hərəkətlər etməsinə dair iddiasının heç bir əsası yoxdur.
Azərbaycan tərəfi ölkəmizin ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır. Ermənistan tərəfi bu prosesə müdaxilədən əl çəkməlidir. Azərbaycan ərazisində Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən hər bir şəxsin hüquq və azadlıqlarının təmin olunmasına zəmanət verilir.
Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, ərazilərinin 30 il ərzində işğal altında saxlanmasına baxmayaraq, məhz Azərbaycan tərəfi Ermənistanla ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanması üzrə təklifin təşəbbüskarı olub. Bunun əksinə, Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüququn prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd göstərir, bununla da prosesi uzadır. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də bu ölkənin nəticəyönümlü danışıqlarda maraqlı olmamasının nümunəsidir.
“Əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir götürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən heç bir hüquqi əsas olmadan insan öldürülməsində ittiham edilməsi hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan XİN-ə məlum olmalıdır ki, cinayətin törədilməsində təqsirləndirilən hər hansı bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin əsaslı və qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin şəxs təqsirsiz sayılır. Görünür ki, hüququn aliliyindən bəhs edən Ermənistan tərəfinin hüququn elementar prinsiplərindən belə xəbəri yoxdur. Bununla yanaşı, Ermənistanın bu addımı göstərir ki, 30 illik işğala son qoyulandan sonra Azərbaycan sərhədini azaraq keçən erməni hərbçilərinin dərhal Azərbaycan tərəfindən geri qaytarılması kimi etimad quruculuğu tədbirinə qarşılıq vermək niyyəti yoxdur və bu hərəkət qətiyyətlə pislənməlidir.
Hər hansı bir sülhpərvər mesaj kimi təqdim olunan çağırışlar heç bir əməli addımlarla müşayiət olunmursa, əksinə, Ermənistan tərəfindən bu kimi saxta mesajlar səslənərkən, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı iddialara yer verilirsə, təqribən 10 min nəfərlik silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edirsə, Azərbaycanın işğal altında olan 8 kəndini azad etmirsə, Azərbaycan ərazilərində hərbi və siyasi təxribatlarını davam etdirirsə, Ermənistanın bu kimi çağırışlarının heç bir əsası yoxdur.
Azərbaycan ilk təşəbbüsü irəli sürən tərəf kimi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır. Bunun üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir”, – deyə Xarici İşlər Nazirliyinin şərhində bildirilib.