XİN Ermənistanla Azərbaycan arasında sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib

May 16, 2021

“Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Əlbəttə, üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fendamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır”.

QİA.AZ-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər edib, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlayıb. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.

“Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.

Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir”.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir:

“Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edirik.

Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir. Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir və bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırırıq”.

Oxşar Xəbərlər