XİN Lüksemburq parlamentinin Qarabağla bağlı qərəzli qətnaməsini pisləyib

Dek 25, 2020
XİN Lüksemburq parlamentinin Qarabağla bağlı qərəzli qətnaməsini pisləyib

Dekabrın 24-də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib. Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür.

QİA.AZ Reporta istinadən bildirib ki, qətnamənin hər hansı hüquqi qüvvəsinin olmamasına rəğmən, Lüksemburq Parlamentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir.

“Lüksemburq qanunverici qurumunun üzvləri əgər bölgənin, o cümlədən Ermənistanın gələcəyini düşünsəydilər, o zaman 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, bölgədə sülh, təhlükəsizik və rifahın yaradılması üçün yeni əməkdaşlıq imkanlarından faydalanmaq fikirlərini təşviq edərdilər. Görünən isə odur ki, Lüksemburq Parlamentini bölgədəki uzunmüddətli münaqişənin həlli, BMT TŞ qətnamələrinin həyata keçirilməsi, onilliklərdir fundamental hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpa olunması ilə yaranmış yeni vəziyyətlə yox, bölgə dövlətləri arasında ədavətin alovlandırılmasında maraqlıdır.

Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək”, – XİN-dən bildirilib.

Oxşar Xəbərlər