Xızı rayonu

Dek28,2020
Xızı rayonu

Xızı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.

Yaranma tarixi – 24.04.1990, Ərazisi – 1.850 km², Əhalinin sayı – 14,3 min nəfər (1 yanvar 2007-ci il), Əhalinin sıxlığı – 1 km² 8 nəfər (1 yanvar 2007-ci il)

Xızı rayonu 1930-cu ildə yaradılmışdır. O, şimaldan Siyəzən və Quba, qərbdən Şamaxı, cənubdan Qobustan, cənub-şərqdən Abşeron rayonu ilə həm sərhəddir. Əsasən, Xızı yaylası da yerləşən rayonun şərq hissəsi Giləzi dili ilə Xəzər sularına axır. Rayonun mərkəzi olan Xızı qəsəbəsi Bakıdan 104 km m əsafədə yerləşib paytaxta ən yaxın səfalı ərazidir. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur.

Əsas dağları Dübrar (2205 m ), Kəmçi (1026), Şərəkü (958), Bəybəyim (935), Şixandağ (801) və Böyük Siyaku (786) dağlarıdır. Əsas çayları Ataçay, Cəngiçay, Kənda, Tuğçay, Dizavarçay, Kerban və Qarabulaq çaylarıdır. Ərazidə Altıağac Milli Parkı və Vəhşi Təbiətin Reabilitasiya Mərkəzi mövcuddur.

Ərazinin etnik palitrasını azərbaycanlılar və tatlar (dağlılar) təşkil edir. Əvvəllər kiçik bir kəndi təmsil edən “xızı” sözünun etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu adın Sasaniİər imperiyasından qaldığını güman edirlər. Belə ki, imperiyanın rəsmi dini olan zərdüştiliyinin imperiyanın şimal ərazilərində yaymaq, xristianlıqla mübarizə aparmaq və şimal sərhədlərini hun, peçeneq və xəzər tayfalarından qorumaq üçün erkən orta əsrlərdə (III–VI əsrlər) buraya irandilli tayfalar köçürülürdü. Bu proses Şirvanşahların Səfəvilər tərəfindən məğlub edildikdən sonra daha da gücləndi. Buraya köçürülən tayfalar, əsasən, Xuzistan əyalətindən olmuşdur. Ad tədricən transformasiyaya məruz qalaraq dövrümüzə Xızı şəklində gəlib çatmışdır.

Rayonun ikinci böyük yaşayış məntəqəsi Alaçayın sahilində yerləşən çox mənzərəli bir landşafta malik olan Altıağacdır. Ərazinin adı Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıdan 42 km. “ahı ağaclıq” məsafədə yerləşməsindən qaynaqlanır (1 ağac 7 km-ə bərabərdir). Dünyanın çox ölkələrini gəzmiş, o cümlədən Qafqazda olmuş məşhur türk səyyahı Evliya Çələbi (1611–1685) on cildlik “Səyahətnamə”sində bu haqda belə yazır: “Şimal səmtə doğru altı ağac yol gedərək Altıağac mənzilinə gəldik. Əcəmlər (bu yerə) “şeş derəxət” deyiriər. Səfalı bir çəmənlikdə böyük bir karvansara vardır. Kənd viranədir. Bu yer Dəmirqapı sərhədində miskər nahiyəsinə tabedir”. Müasir Xızıdan 2 km cənubda Kerban çayı sahilində qala divarlarının qalıqları mövcuddur. Qalanın monqol işğalı zamanı dağıldığı ehtımal olunur. Görünür monqol işğalından sarsılan ərazi uzun müddət özünə gələ bilməmişdir.

Coğrafiyası

Xızı rayonu ilə Bakı arasında olan məsafə −104 km

Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.

Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın “Beşbarmaq” adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında “Xıdırzində” (“Ölməz Xıdır”) ziyarətgahı yerləşir.

Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər “ağac” sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı qəzasına aid olan Xızı kəndləri: Altıağac, Ağdərə, Allahyarlı, Baxşılı, Bəyəhmədyurd, Biləsən, Çaharqışlaq, Çərməzar, Darazarat, Düdar, Dəllər, Dizəvər, Ələz, Əmbizlər, Əngilan, Ərisguş, Əlməkolu, Fındığan, Gərmiyan, Gimçi, Gilənova, Gücövrə, Güneyqışlaq, Həmyə, Keş, Keçəllər, Künövşə, Pəmbə, Qars, Qalaşıxı, Qasımkənd, Qululu, Quşçu, Qərban, Qızılqazma, Sadan, Sayaddı, Siyəzən, Şurabad, Şurakənd (Surakat), Şıxlar, Tıxlı, Təkəli, Təzəkənd, Upa, Vərdəh, Xanəgah, Xızı, Xələnc, Xərgo, Xəndək, Xirək, Xışqədar, Xılmıllı, Xəll, Yarımca, Zarat, Zərgərli, Zöhrabkənd.

Landşaftları və bioloji müxtəlifliyi

Xızı rayonu Azərbaycanın iri Meşəlik ərazilərə malik olduğu rayonlardandır (9931 ha, 6% ). Ərazi həddən artıq bioçeşidlik, landşafı və ekosistem müxtəlifliyinə malikdir. Ərazidə meşə, meşə-çöl, bozqır(çöl), bozdağlar, bozqır dağlar, subalp, alp ekosistemləri mövcuddur. Meşə dendroflorası, əsasən, iberiya palıdı, şərq palıdı şərq vətəsi, şərq fıstığı adi göyrüş, qarağac, armud gözəl ağcaqayın, ardıc, doqquzdon, birgöz kimi ağackollardan ibarətdir. Dağətəyi seyrək meşəliklərdə söyüdyarpaq armud, yemişan, qaratikan, dovşanalması, ölməzkol, adi zirinc, itburnu kimi ağac-kol növləri bitir. Çay kənarları adi nar, pallas murdarçası, yulğun çaytikanı və rus itüzümü kollarından ibarətdir. Burada tək-tək qara əncirə, çox nadir, endım və nəsli kəsilm əkdə olan növ fərat qovağının bir neçə nüsxəsi qalmışdır. Ərazinin faunası da çox zəngindir. Məməlilərdən avropa cüyürü, qonur ayı qaban, adi vaşaq yenot , boz dovşan, tülkü,daşıq dələsi, canavar, quşlardan adi qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartar, boz kəklik, qaratoyuq kimi növlərə rast gəlinir.

Tarixi-mədəni abidələr[

Tıxtı kəndi yaxınlığındakı keçmiş Şıxlar kənd qəbiristanlığında yerləşən türbə ziyarətgah, 300–500 yaşlı qəbirləri mövcuddur.Bu türbənin Şeyx Heydər Türbəsi (X–V əsr)olduğu ehtimalı vardır.Bəzi mənbələrə görə Şeyx Heydər türbəsinin Səfəvilər İmperiyasının yaradıcısı I İsmayılın atası Şeyx Heydərin məzarıdır. Şeyx Heydər Şirvanşah Fərrux Yasar ilə Təbərsaran döyüşündə (1488) həlak olmuş və burada müqəddəs Beşbarmaq dağı ilə üzbəüz ərazidə dəfn olunmuşdur.Sonralar Şirvanşahlar dövlətini məğlubedən I Ismayıl Səfəvi atasının qəbri üzərində Türbə tikdirmiş, orada Şıxlar kəndini saldırmış, məqbərəni müqəddəs ziyarətgah elan etmişdir.

Mədəniyyəti

Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək.

  • VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, Bu qüllənin divarları salamat qalmışdır. Qüllə rayon mərkəzindən 9 km aralıdır.
  • Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları.
  • Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi.
  • V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur.
  • Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir.
  • Xanagah kəndində 1247-ci ilə aid olan Pir Əli (Şeyx Əli) ziyarətgahı.
  • Pir Əli Ziyarətgahı Şirvanşahlar dövründə inşa edilib, iki mehrabı olan ziyarətgahin mehrablarında yazılı kitabələr var. Bu kitabələr Xızı ərazisində olan ən qədim yazılı abidələrdir.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Giləzi qəsəbə bələdiyyəsi2944
2Şuraabad qəsəbə bələdiyyəsi2232
3Yeni Yaşma qəsəbə bələdiyyəsi1675
4Sitalçay kənd bələdiyyəsi1234
5Altıağac kənd bələdiyyəsi1180
6Xızı qəsəbə bələdiyyəsi1020
7Tıxlı kənd bələdiyyəsi546
8Fındığan kənd bələdiyyəsi405
9Xələnc kənd bələdiyyəsi322
10Baxşılı kənd bələdiyyəsi315
11Məşədi Həsən kənd bələdiyyəsi313
12Ağdərə kənd bələdiyyəsi241
13Qarabulaq kənd bələdiyyəsi201
14Cəmi12628

1903-cü il Bakı quberniyasının Bakı qəzasının Saray məntəqəsinə aid kəndlər:

#Kəndlər üzrə evlərin sayıKəndlər üzrə əhalinin sayı
1Səyyad Xızı: 126606
2Şıx Xızı: 91476
3Ağdərə və Düdar: 941423
4Əmbizlər və Dabaqun: 1021337
5Gövxanı: 901090
6Gərmiyan: 50383
7Xanəgah: 30298
8Çar-Qışlaq: 63509
9Cəmi6122

Həmin il (1903-cü il) Bakı quberniyasının Quba qəzasına aid olan kəndlər:

#Kəndlər üzrə evlərin sayıKəndlər üzrə əhalinin sayı
1Əngilan: 51587
2Baxşılı: 34550
3Zərgərli: 82723
4Zarat: 43725
5Dağ Quşçu: 185434
6Keş: 21340
7Siyəzən: 79831
8Zöhrabkənd: 29312
9Fındığan: 82760
10Xələnc: 76630
11Darazarat: 45302
12Gəmşər: 16329
13Cəmi6523

Görkəmli şəxsiyyətləri

  • Cəfər Cabbarlı — Azərbaycanın görkəmli yazıçısı və dramaturqu. Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Milli kino sənətinin inkişafında və milli kadrların yetişdirilməsində çox böyük xidmətləri olmuşdur. “Azərbyacanfilm” kinostudiyası onun adını daşıyır.
  • Mikayıl Müşfiq — Azərbaycanın böyük ürəkli, nəhəng istedadlı, coşğun nəfəsli şairi. Mikayıl Müşfiq Xızıda doğulub boya-başa çatmışdır.
  • Məmməd Arif — Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir. 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1955), professor (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı.
  • Əlihüseyn Dağlı — Azərbaycan SSR Hərbi diviziya və Xəzər hərbi donanmasının hərbi prokuroru.
  • Mirabdulla İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1958–1977).
  • Bəybala Abbasov — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
  • Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
  • Ata Atakişiyev — Peşəkar klarnet ifaçısı.
40°53′ şm. e. 49°05′ ş. u.
Ölkə Azərbaycan
DaxildirAbşeron
İnzibati mərkəzXızı
İcra başçısıXəzər Aslanov
Tarixi və coğrafiyası
Yaradılıb30 avqust 1930, 24 aprel 1990
Sahəsi1670km²
Hündürlük859 m
Əhalisi
Əhalisi16 900  nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-XIZ
Telefon kodu994 23
Poçt indeksiAZ8000
Avtomobil nömrəsi29

Oxşar Xəbərlər