Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib – VİDEO

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı faciəsinin canlı şahidi Anar Usubovun amerikalı bloger Sandra Stringerə videomüsahibəsi təşkil edilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, vaxtilə Xocalıdan məcburi köçkün düşmüş, hazırda isə ABŞ-ın Kaliforniya ştatında yaşayan Anar Usubov müsahibə zamanı Xocalı hadisələri və II Qarabağ müharibəsi haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, soyqırımı zamanı cəmi 8 yaşı olmasına baxmayaraq, həmin dəhşətləri yaxşı xatırlayır və qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss etməkdədir.

II Qarabağ müharibəsi zamanı qarşı-qarşıya döyüşlərdə uduzduqlarını görən ermənilərin dinc sakinlərin yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutduqlarına və onlarla mülki insanı öldürdüklərinə diqqəti cəlb edən soydaşımız deyib ki, həmin hadisələr ona yenidən uşaqlıqda yaşadığı dəhşətləri xatırladıb.

Hazırda bütün məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşadığını deyən soydaşımız bildirib ki, onun ən böyük xoşbəxtliyi məhz bu günləri gözlərilə görməkdir: “Bu günləri gördüyüm üçün özümü bəxtəvər hesab edirəm. Bir daha müharibənin olmaması üçün əlimdən gələni edəcəyəm. Əgər bölgədə yenidən qarşıdurma baş verərsə, bunun sonu olmayacaq. Düşünürəm ki, biz hamımız yeni savaşın qarşısını almaq üçün bütün gücümüzü səfərbər etməliyik”.  

Oxşar Xəbərlər