Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) binasında Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımın xronikası” adlı kitabın təqdimat mərasimi keçirilib.
Azərbayan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, təqdimat mərasimində diplomatlar, diaspor rəhbərləri, elm və mədəniyyət xadimləri, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, UAR həmsədrləri Hikmət Cavadov, Oleq Krapivin, nəşriyyat müdiri Dmitri Buraqo, tanınmış ukraynalı alimlər Oleq Kupçik və professor Fərhad Turanlı, kitabın tərcüməçisi Mehman Salmanov, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev, səfirliyin müşaviri Vüsal Süleymanov və başqaları çıxış ediblər.
Natiqlər bildiriblər ki, hazırda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Bu kitabın Ukrayna dilində nəşri də görülən işlərin tərkib hissəsidir.
“Hesab edirəm ki, bu kitab Ukrayna cəmiyyətində Xocalı soyqırımı haqqında real mənzərə yarada biləcək. Ukraynalılar Xocalı soyqırımı haqqında yazılan məqalələr, poemalar, əsərlər vasitəsilə Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı necə amansız, insanlıq əleyhinə cinayət törətdiyinin şahidi olacaqlar. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir”, – deyə E.Axundova vurğulayıb.
Səfir əlavə edib ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub. Dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir, Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır.
Azərbaycanın tanınmış şairi Nurəngiz Günün tərcümə edilmiş və kitaba daxil edilmiş məşhur “Xocalı simfoniyası” poemasının yazıçı Lesya Mudrak tərəfindən səsləndirilməsi tədbir iştirakçılarını qəhərləndirib. Kitabda Xocalı soyqırımına dair fotomateriallar, həmçinin UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına dair rəsm əsərləri də yer alıb.