İordaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun üzvü, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin İordaniya üzrə koordinatoru Samia Xamisin təşkilatçılığı ilə “Xocalı soyqırımının 29-cu ildönümü – İordaniyadan baxış” mövzusunda videogörüş keçirilib.
QİA.AZ xəbər verir ki, İordaniyalı tarixçi-yazıçı Dr.Omar Al-Armouti və İordaniyanın Əl-Beyt Universitetinn Fars dili və Ədəbiyyatı üzrə professoru Dr.Abdel Kareem Jaradatin iştirakı ilə baş tutan görüşdə Azərbaycan həqiqətləri, İordaniya Senatının Xocalı şəhərində törədilmiş cinayət aktını pisləyən bəyanatı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, beynəlxalq hüquq normaları və s. barədə məsələlərə toxunulub.
Xocalıda baş verənləri “insan ağlının təsəvvür edə bilməyəcəyi hadisə” adlandıran qonaqlar birmənalı şəkildə bildiriblər ki, İordaniyanın rəsmi qurumları bu qətliamı Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi qəbul edirlər.
Dr.Armouti qeyd edib ki, indiki Azərbaycanı 30 il öncəki dövrlə müqayisə etmək qeyri-mümkündür. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərqərar edən Azərbaycanın ordusu formalaşmamışdı və Ermənistan havadarlarının köməyilə ərazilərimizin 20%-ni işğal etdi. Bu zaman çoxsaylı hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımı törədildi. Lakin illər sonra Cənubi Qafqaz regionunun güclü dövlətinə çevrilən Azərbaycan ötən ilin sentyabr-noyabr aylarında əzəli torpaqlarını Ermənistanın 30 ilə yaxın sürən işğalından azad etdi.
Dr.Abdelkareem Jaradat deyib ki, rəsmi İrəvanın tutduğu yol Ermənistanın məhv olmasına gətirib çıxara, təcavüzkar və revanşist siyasətin davam etdirilməsi erməni xalqına böyük zərər vura bilər. Ermənistan kimi yoxsul və böyük iqtisadi problemləri olan ölkənin sülh və dinc yaşamaq yolu tutmasının, barış və mehriban qonşuluq siyasəti nəticəsində əldə edə biləcəyi qazancı düşünməsinin vacibliyi vurğulanıb.
Natiqlər Azərbaycana olan sevgi və minnətdarlıqlarını ifadə edərək, Prezident İlham Əliyevin və Kral II Abdullahın ölkələrimizə dost və qardaş münasibətilə yanaşdıqlarını, bir çox regional və beynəlxalq məsələlərdə iki dövlət arasında böyük razılaşmaların mövcud olduğunu xatırladıblar. Dr.Omar Al-Armoutinin Azərbaycan haqqında yazdığı “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” və “İordaniya-Azərbaycan münasibətlərindəki mühüm mərhələlər” adlı kitablarının Azərbaycan dilinə tərcümə edildiyi nəzərə çatdırılıb.
Əlavə məlumat üçün: 050 316 36 60