“Xocalıdan öyrənək: Amerikalılar Cənubi Qafqaz regionundan nə öyrənə bilər?” mövzusunda videokonfrans keçirilib

Mar 4, 2021

Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və “Expactancy Advisory LLC”-nin təşkilatçılığı ilə “Xocalıdan öyrənək: Amerikalılar Cənubi Qafqaz regionundan nə öyrənə bilər?” mövzusunda videokonfrans keçirilib.

“Expactancy Advisory LLC”nin təsisçisi Kordel Karterin moderatorluğu ilə aparılan tədbirdə xarici siyasət üzrə analitik və hüquq məsləhətçisi Hamdi Rifai, İqtisadi Barış Mərkəzinin redaktoru Reyçel Avraham, Azərbaycan Diaspor Gənclərinin üzvü, Şimali Karolina ştatının Roli şəhərində yaşayan soydaşımız Adika İqbal iştirak ediblər.

Konfrans zamanı Adika İqbal bildirib ki, əvvəllər ABŞ mediasında çox az rast gəlinən Cənubi Qafqaz mövzusu hazırda, xüsusilə də II Qarabağ müharibəsindən sonra daha çox işıqlandırılır. Qeyd edib ki, bu məsələdə Azərbaycan diasporunun da böyük əməyi var. Çünki Tovuz hadisələrindən sonra çox aktivləşən diasporumuz birləşməyi bacarıb. “Erməni diasporu  dezinformasiya yaymaq, həqiqətləri gizlətmək və amerikalı siyasətçilər tərəfindən yalanlarının dəstəklənməsi üçün  sponsor olmaq baxımından çox fəal idilər. Ancaq indi Diasporla İş üzrə Dövlət Komitəmizlə ən azından “twitter”də həştaqlərimizi trendləşdirmək, elektron poçt vasitəsilə məktublar yazaraq amerikalı siyasətçiləri məlumatlandırmaq, yalan və ya saxta xəbərləri yayanları qınamaq üçün daim əlaqədəyik”.

Amerikalı siyasətçiləri təhlükəli erməni diasporunun yalanlarına qulaq asmaqdansa, faktlarla öz araşdırmalarını aparmağa çağıran həmyerlimiz onları və istənilən amerikalını Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfər etməyə, erməni işğalçılarının təkcə insanlarımıza deyil, ekologiyaya, tarixi-mədəni və dini abidələrimizə qarşı törətdikləri terroru öz gözləri ilə görməyə dəvət edib.

Bildirib ki, Xocalı qətliamını törədənlər hələ də azadlıqdadırlar: “Onlardan biri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandır.  Azərbaycan və beynəlxalq jurnalistlərinin, diasporun bütün faktları, fotoları, videoları təqdim etmələrinə baxmayaraq, indiyədək ABŞ-ın bir neçə ştatı və bəzi ölkələr bu faciəni soyqırımı aktı kimi tanımayıb. Mən Xocalıya ədalət tələb edirəm, cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmasını istəyirəm”.

Reyçel Avraham bildirib ki, Azərbaycan olduqca tolerant ölkədir və burada yaşayan insanlar bütün dinlərə hörmətlə yanaşır. Xocalının soyqırım olduğunu, buradakı sakinlərin məhz  azərbaycanlı olduqları üçün öldürüldüklərini vurğulayan ekspert Israilin Azərbaycanın əzəli dostu olduğunu nəzərə çatdırıb. Bildirib ki, Ermənistan və Azərbaycan  arasında uzun illər davam edən problem dini səciyyə daşımır. Bu səbəbdən münaqişə haqqında danışan siyasətçiləri diqqətli olmağa çağıran natiq Amerikanın xristian ölkə olduğuna görə bəzən Ermənistanın tərəfində olmasına etirazını bildirib.

Hamdi Rifai ABŞ kongresmənlərinin bəzən erməni lobbisinin təsiri altına düşərək, yanlış qərarlar qəbul etmək cəhdlərini pisləyib, erməni diasporunun yanlış fikirlər və məlumatlar yaydığını, çaşqınlıq yaratmaq istədiyini bildirib. Qeyd edib ki, çox zəngin təbiətə malik olan, mühüm  strateji mövqedə yerləşən, Amerikanı terorizmlə mübarizədə birmənalı şəkildə dəstəkləyən Azərbaycan Cənubi Qafqaz regionunda Birləşmiş Ştatların ən yaxın mütəffiqidir və iki ölkə arasında strateji tərəfdaşlığın davam etməsi çox vacibdir.

Oxşar Xəbərlər