Laçının azad olunmasından indiyədək yenidənqurma və ərazilərin bərpası istiqamətində məqsədli şəkildə irəliləyirik. Həmin dövrdən başlayaraq Laçın şəhərinə 2100-ə yaxın sakin köçürülüb, 700-dən çox tikili bərpa olunub. Burada bütün ümumi infrastrukturun qurulması – yolların tikintisi, sosial, mədəni, əyləncə, istirahət, turizm zonalarının bərpası, abadlaşdırma işləri kompleks şəkildə aparılır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib.
“Laçın barədə müasir bir şəhər, turizm istiqaməti kimi yaxşı xəbərlər yayılır. İnsanların böyük əksəriyyəti arzulayır ki, Laçının gözəlliyini, deyilənlərin həqiqətən doğru olub-olmadığını görmək üçün buraya gəlsin. Doğrudan da bu gün Laçın arzular şəhərinə çevrilib. Bu da bizi çox sevindirir”, – deyə M.Məmmədov qeyd edib.