İqlim maliyyə fəaliyyət fondunun yaradılması əsas təşəbbüslərdən biridir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.
“Əsas çağırışların aradan qaldırılması üçün maliyyə çatışmazlığını görərək biz buna yeni bir yanaşma ilə maliyyə mexanizminin yaradılmasını təklif edirik. İqlim maliyyə fəaliyyət fondunun yaradılması üçün ənənəvi enerji istehsalçılarının bu fonda töhfələrini verməsi və qrant əsaslı maliyyələr ayrılmasını təklif edirik. Bu fonda əsas töhfə verənlər özəlliklə neft-qaz və kömürdən istifadə edən ölkələrdir. Həmin Fond vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq.
Qrant əsaslı töhfələrin verilməsini lazım bilməyimizin əsas səbəblərindən biri odur ki, kiçik ada dövlətləri təbii fəlakət baş verəndə və bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəndə gec cavab alırlar və cavab aldıqları vaxt dəstəyə artıq ehtiyac duymurlar. Biz daha operativ maliyyə qurumunu yaratmağa çalışmalıyıq ki, onlar təbii fəlakət baş verdiyi zaman artıq operativ cavab versinlər. Ayrılan vəsaitin 50 faizi iqlim layihələrinə, yaşıl enerji texnologiyalarına enerji səmərəliliyi və iqlim dəyişikliyinə dözümlülüyün artırılmasına yönələcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə 2R2F adlandırdığımız maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bu fond kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək ərzaq və kənd təsərrüfatı sahəsinə net sıfır səviyyəsinə çatmağa imkan verəcək”, – deyə Yalçın Rəfiyev bildirib.