Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək inkişaf dinamikası ilə səciyyələndiyi və çox yüksək səviyyədə olduğu qeyd olunub. Xüsusilə son zamanlar münasibətlərimizin inkişafında böyük intensivliyin müşahidə olunduğu vurğulanıb.

Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən Milli Məclisin sədri ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Bildirilib ki, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib. Vurğulanıb ki, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizdə körpü rolunu oynayır. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları mövcuddur.

Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi ilə sabit inkişaf yolu keçib. Ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq əlaqələri münasibətlərimizə təkan verdiyi qeyd olunub.

Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq Çin Xalq Assosiasiyasının xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Deyib ki, Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu bildirən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib.

Görüşdə humanitar və mədəni sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşməsinin xalqlarımız arasında əlaqələrin daha da inkişafına xidmət etdiyi, elm, mədəniyyət, gənclər siyasəti sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyini layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.

Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər