Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək.
“QİA.AZ”nun məlumatına görə, qurultayda bir sıra vacib qərarlar qəbul ediləcək.
Belə ki, partiyanın tərkibi yenilənəcək. Bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağı istisna edilmir.
Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.
***
Musavat.com YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adını açıqlayıb. Onlar YAP sədrinin 4 müavinindən 2-si olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti).
Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov – baş nazirin sabiq müavini, Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev – Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov-(BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.
YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da hakim partiyanın siyahısından çıxarılacaq.
Bir sözlə, iqtidar yarımməxfi YAP əməliyyatı hazırlayıb, bütün neqativ yüklərdən qurtulmaq, hakim partiyanı islah etmək və yeniləmək barədə qərar verib.