Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Bu barədə QİA.AZ-a daimi nümayəndəlikdən bildirilib.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Ağdam rayonunun erməni işğalından azad edilməsi, şanlı Milli Ordumuzun artıq bu rayona tamamilə nəzarəti ələ keçirməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
B.Əsgərov ötən 28 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açıb. O qeyd edib ki, 21 noyabr 1992-ci il tarixi ictimai-siyasi fikir, yeni, müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi milli təqvimimizdə daim yaşayacaq. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan ulu öndərimiz Heydər Əliyevin və onun layiqli və ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir.
Daimi nümayəndəliyin rəhbəri YAP-ın yaranma tarixindən ətraflı danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılıb. 1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib, ona olan ümumxalq inamı bir daha təsdiq edilib.
B.Əsgərov bildirib ki, 2005-ci ildə Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev partiyanın sədri seçilib. Beləliklə, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlandı. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə son parlament seçkilərində yenidən YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərir.
Daimi nümayəndəliyin rəhbəri sonda deyib ki, bu gün Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikamızda da görkəmli dövlət xadimi Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, xalqımızın firavanlığı naminə quruculuq, abadlıq işlərinin vüsət alması, infrastrukturun yenilənməsi, beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji və ərzaq təhlükəsizliyinin yaradılması, turizmin inkişafı, elmi potensialın, mədəniyyətin, təhsilin səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı və sənaye istehsalının artırılması, ixracın təşviqi, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi abidələrin bərpası, bir sözlə, milli dövlətçiliyin qorunması və s. Yeni Azərbaycan Partiyasının əsas prinsiplərinin təkcə bu gözəl diyarda hansı miqyasda həyata keçirildiyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyasının qurucularından biri, ictimai-siyasi xadim, dövlət xadimi Vasif Talıbovun dediyi kimi, “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.
“Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın yaradılmasının ildönümü münasibətilə yüksək səviyyəli tədbirlər keçirilir, ulu öndər Heydər Əliyevin ölməz xatirəsi yad edilir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 28 illiyi ilə bağlı partiyanın muxtar respublika təşkilatı onun İcra Katibliyi şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif yaddaqalan tədbirlər keçirir, elmi konfranslar, dəyirmi masalar təşkil edir. Yeni Azərbaycan Partiyasının yaranmasında xüsusi xidmətlər göstərmiş Muxtar Respublika Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi ilə günü-gündən çiçəklənən, inkişaf edən, gözəlləşən və güclənən Naxçıvan Muxtar Respublikası vaxtilə qoynunda ilk qurultayına qucaq açdığı Yeni Azərbaycan Partiyasının 28 illiyini möhtəşəm, silsilə tədbirlərlə ilə qeyd etməkdədir. Bu gün dahi rəhbərin arzuları inamla həyata keçirilir. Bunun bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu illər ərzində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan və hazırda icrası davam etdirilən dövlət proqramları ümumi inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Ötən illər ərzində muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib, yeni iş yerləri açılıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib”.
Daimi nümayəndəliyin rəhbəri son günlər xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən də söz açıb. Qələbənin təmin edilməsinə gedən yollardan, illərdən bəri Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə xalqımızın rifahı naminə aparılan düzgün, məntiqli siyasi proseslərdən danışıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun məntiqi nəticəsi olaraq, bu gün doğma xalqımızın nəhayət ki, böyük arzusunun gerçəkləşdiyi, Şuşanın, Ağdamın, bir sözlə, müqəddəs Qarabağ torpağının öz sahibinə qaytarıldığı sevinc hissi ilə vurğulanıb.