5 noyabr 2020-ci il tarixində “Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı” çərçivəsində tibbi avadanlıqların təchiz edilməsi üçün Yaponiya Hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib. Sənədləri Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.
Agentlikdən “QİA.AZ”a bildirilib ki, Yaponiyanın Azərbaycana ayırdığı qrant yardımının məbləği 2 milyona yaxın ABŞ dolları həcmindədir. Qrant yardımın ayrılmasında məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etməklə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və səhiyyə sisteminə lazımi dəstək göstərməkdən ibarətdir.
Tədbirdə səfirliyin birinci katibi Honda Şiniçi, Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Səhiyyə Nazirliyi, Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaur Əliyev iştirakçıları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırıb. O bildirib ki, hazırda Azərbaycan iki cəbhədə mübarizə aparır: “Pandemiya ilə yanaşı, ölkəmiz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlara qarşı cavab olaraq lazımi addımlar atır”. Agentliyin İdarə Heyətinin sədri Yaponiya tərəfindən ölkəmizə və səhiyyəmizə göstərilən dəstəyi yüksək qiymətləndirib: “Qrant yardım Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və yeni tibbi texnologiyaların tətbiqi vasitəsilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkan yaradacaqdır”.
Səfir Vada Cüniçi öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib. Səfirin sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin birliyi vacibdir: “Bu səbəbdən Yaponiya Hökuməti tərəfindən Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayrılıb. Bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinə kimi tibbi avadanlıqların verilməsi nəzərdə tutulur”.