Yaponiya və Böyük Britaniyanın hərbi-dəniz qüvvələri Ədən körfəzində birgə hərbi təlimlər keçirəcəklər

İyl9,2021

Yaponiyanın Hərbi Dəniz Qüvvələri və Böyük Britaniyanın “Queen Elizabeth” aviadaşıyıcı gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Ədən körfəzində birgə hərbi təlimlər keçirəcək.

QİA.AZ xəbər verir ki, bu barədə iyulun 9-da Yaponiyanın müdafiə naziri Nobuo Kişi məlumat verib.

Birgə təlimlər çərçivəsində dəniz quldurlarına qarşı birlikdə mübarizənin yolları araşdırılacaq.

“Böyük Britaniya ilə birlikdə dənizdə hərəkətin təhlükəsizliyini təmin etmək üçün quldurlara qarşı hazırlığımızı və birliyimizi nümayiş etdirəcəyik”, – deyə nazir qeyd edib.

Yaponiyanın müdafiə naziri təlimlərin keçiriləcəyi tarixi açıqlamayıb.

Məlumat üçün qeyd edək ki, “Queen Elizabeth” aviadaşıyıcısının uzunluğu 280 metr, eni 73 metrdir. Bu hərbi gəminin komanda heyətinə 679 nəfər daxildir. Gəminin aviaqrupunda 40 qırıcı təyyarə və helikopter, o cümlədən 24 qırıcı-bombardmançı təyyarə, 9 sualtı qayığa qarşı və 5 uzaq radiolakasiya helikopteri var. Ehtiyac yarandığı təqdirdə, gəmi göyərtəsinə 70 uçan aparat qəbul edə bilər.

İnşasına səkkiz il sərf edilən “Queen Elizabeth” aviadaşıyıcısı 2017-ci ilin dekabrında Britaniya Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil edilib.

Oxşar Xəbərlər