Yardımlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yardımlı şəhəridir. 8 avqust 1930-cu ildə Vərgədüz rayonu (rus. Вергядузский район) adı ilə təşkil edilib.[3] Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi. Təşkil edildiyi tarixdə inzibati mərkəzi Yardımlı kəndi idi, 1 noyabr 1931-ci il tarixinə 900 km² olan rayon ərazisində 97 kənddə 1 yanvar 1930-cu il tarixinə olan cari hesablamalara əsasən 20.651 nəfər əhali yaşayırdı.[4] 1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı.
Etimologiya
Budaq Budaqovun fikrinə görə Yardımlı toponimi etnonim olub VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir. XII–XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişlər.
Coğrafiya
Yardımlı rayonu 39°–38° dərəcə şimal en dairəsində, 48°–49° dərəcə şərq uzunluq dairəsində, Azərbaycanın cənub–şərq hissəsində, dağlıq ərazidə yerləşir. Yardımlı rayonu İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir.Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, şərqdən Masallı rayonu ilə 11 km, şimali–şərqdən Cəlilabad rayonu ilə isə 20 km–dir. Şimal və qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km–dir.
Yardımlı rayonu 66.720 ha torpaq sahəsini əhatə edir. Ərazisinin 20.536 hektarı meşəlikdir. Torpaq zonaları dağ–çəmən torpaqlarından, dağ–meşə–qonur torpaqlarından, qəhvəyi–dağ–meşə torpaqlarından ibarətdir. Torpaqların mexaniki tərkibi gillicə, orta gillicə, ağır gillicədir.
Rayonun ən böyük çayı Viləş çayıdır. Viləş çayının qolları–Allar, Peştəsər, Solqard və Vəlişli çaylarıdır. Rayon ərazisi Talış sıra dağları (rayondakı ən hündür zirvəsi Şahnişinidir, onun hündürlüyü 2490 m–dir), Peştəsər sıra dağları (rayondakı ən hündür zirvəsi Peştəsərdir, onun hündürlüyü 2244 m–dir), Buravar sıra dağları ilə əhatələnir.
İqlimi və orta illik tempetaturu; İqlim–isti, normal nəmli, yumşaq qış, isti yay. Orta illik temperaturu +11,9 dərəcə C, yağıntının miqdarı – 586 mm, külək qərb–cənub, orta surəti – 1.6 m/san–dir, qrunt sularının dərinliyi – 4,5 metr, seysmik dərəcəsi – 7 baldır.
Meşələrdə qiymətli ağaclar–fısdıq, vələs, palıd, nəhəng ağcaqayın, dəmrağac, kol cinslərindən qaragilə, itburnu, əzgil, quşarmudu və s. ağac növləri vardır. Meşələrdə canavar, donuz, çaqqal, tülkü, dələ, porsuq kimi vəhşi heyvanlarla yanaşı, çöl pişiyi və vaşaqa da rast gəlinir.
İnzibati bölgü
Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir.
Əhali
Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)
AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 62.387 nəfər əhali yaşayır.
Etnik tərkibi
Etnik qrup | 15–22 yanvar, 1970-ci il sa. | 17–24 yanvar, 1979-cu il sa. | 12–19 yanvar, 1989-cu il sa. | 27 yanvar-3 fevral, 1999-cu il sa. | 13–22 aprel, 2009-cu yıl sa. | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Sayı | % | Sayı | % | Sayı | % | Sayı | % | Sayı | % | |
cəmi | 27 705 | 100.00 | 34 026 | 100.00 | 39 932 | 100.00 | 49 039 | 100.00 | 58 073 | 100.00 |
Azərbaycanlı | 27 247 | 98.35 | 33 397 | 98.15 | 49 001 | 99.92 | 58 067 | 99.99 | ||
Talış | … | … | … | 1325 | … | 2576 | … | |||
Rus | 323 | 1.17 | 390 | 1.15 | 24 | 0.05 | 3 | 0.01 | ||
Ukraynalı | 67 | 0.24 | 131 | 0.38 | 10 | 0.02 | … | … | ||
Tatar | 6 | 0.02 | 8 | 0.02 | 1 | 0.00 | … | … | ||
Ləzgi | 6 | 0.02 | 24 | 0.07 | … | … | … | … | ||
Erməni | 23 | 0.08 | 17 | 0.05 | … | … | … | … | ||
Avar | … | … | 5 | 0.01 | … | … | … | … | ||
Gürcü | 8 | 0.03 | 5 | 0.01 | … | … | … | … | ||
Yəhudi | 6 | 0.02 | … | … | … | … | … | … | ||
Dağ yəhudisi | 1 | 0.01 | … | … | … | … | … | … | ||
Tat | 1 | … | … | … | … | … | … | |||
Digər | 17 | 0.06 | 49 | 0.14 | 3 | 0.01 | 3 | 0.01 |
Təhsil
Rayonda 80 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 18 ümumi orta, 16 ibtidai məktəbləri və 1 texniki peşə məktəbi fəaliyyət göstərir. Əlavə olaraq rayonda S.İbişov adına Yardımlı peşə məktəbi fəaliyyət göstərir. Bu məktəbdə 6 qrupda (Elektrik-qaz qaynaqçısı, geniş profilli traktorist-maşinist, kəndin elektrikləşməsi və rabitə üzrə elektrik mantyoru, avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqların təmiri üzrə çilingər, heyvandarlıq kompleksi üçün ferma operatoru və arıçılıq peşəsi) 160 şagirdin təhsili ilə 16 pedoqoji işçi işləyir.
Görkəmli şəxsləri
Sabir Rüstəmxanlı — Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı və xalq şairiMusa Qasımlı — dünyada tanınmış görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor (1992), Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru (2016), AMEA-nın müxbir üzvü (2017). Azərbaycan Respublikası Milli Məclisinin IV (2010–2015), V (2015–2020) və VI (2020–2025) çağırışlar deputatı.Təmraz Təmrazov — Biologiya elmlər namizədi,dosent.Mirmahmud Mirəlioğlu — Azərbaycan Respublikası Milli MəclisininII çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının lideriMirşahin Ağayev — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalistiRəfail Becanov — jurnalist, “Cümhuriyət” qəzetinin baş redaktoru, Cebhe.info Xəbər Portalının direktoruVüqar Eyyub oğlu Cəfərov — Nyu York vəkillər kollegiyasının həqiqi üzvü, ABŞ Müsəlman Vəkillər Assosiasiyasının vitse-prezidentiRafiq Ələkbər — hüquqşunas, prokuror, şairYaqub Abbasov — poliqlot