Azərbaycanda yerin təkini özündə əks etdirən “zənginlik möcüzəsi”ni tanıyırıqmı?
Ulu torpağın “yaddaşından” qopub gələn parçalar məhz burada mühafizə olunur.
Oxu.Az-ın əməkdaşları həmin məkanı tapıb “zənginlik möcüzəsi”nin sirrini açıblar…
Bura Azərbaycan Geologiya Muzeyidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun tərkibində fəaliyyət göstərir.
Dövrümüzün ən unikal muzey-arxivi və ya yerin təkinin görünən mənzərəsidir bu məkan.
Dövlət Geoloji İnformasiya Fondunun rəisi Eyzangül Qənbərova ölkəmizin və dünyanın yer təkinin burada saxlanan süxurlarından danışıb:
“Muzeydə respublika ərazisində olan filiz, qeyri-filiz, inşaat materialları, minlərlə perspektivli sahələr və filizləşmə zonaları haqqında süxur, mineral nümunələri, həmçinin yataq, təzahür və filizləşmə sahələrinə həsr olunmuş elmi-geoloji tədqiqat sənədləri saxlanılır.
Ölkənin bütün bölgələrindən toplanmış yeddi minə yaxın dağ süxuru, mineral və kristal nümunələri qorunur.
Azərbaycan Geologiya Muzeyi 1969-cu ildə Geologiya İdarəsinin nəzdində təşkil edilib. Elə həmin tarixdən ölkə geoloqlarının elmi-tədqiqat işləri zamanı tapdıqları müxtəlif süxur və mineral nümunələri sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib. Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir”.
Burada yaşı 250 milyon ildən çox olan ən qədim süxurlar saxlanılır. Ən cavan, yəni müasir dövr süxurları IV dövrə aid olanlardır. Azərbaycanda qədim süxurlara Naxçıvan Muxtar Respublikasında və Tovuzda rast gəlinir. Qalan ərazilərdə Yura, Təbaşir, III və IV dövr süxurları geniş yayılıb.
Muzeyin altı bölməsi var:
Regional geologiya bölməsində respublikanın geoloji quruluşunu və əsas faydalı qazıntılarını xarakterizə edən 85-dən artıq süxur, mineral və filizin nadir iri nümunələri vitrinlərdə yerləşdirilib. Azərbaycanın mineral resursları bölməsində ölkə ərazisindəki bərk filiz və qeyri-filiz yataqları haqqında ümumi məlumat almaq olar.
Vitrinlərə respublikanın çoxlu sayda yatağından və təzahüründən götürülmüş əlvan və qara metal-dəmir, xromit, kolçedan-polimetal, barit, alunit, civə, sürmə və başqa filiz nümunələri düzülüb. Xüsusi stend və vitrinlərdə Böyük Qafqazın cənub yamacında kəşf edilmiş kolçedan-polimetal yataqlarının və Kiçik Qafqazın polimetal, dəmir, alunit, mis-qızıl və civə yataqları qrupunun materialları nümayiş etdirilir.
Qeyri-filiz xammalı və tikinti materialları yataqları yarım bölməsi termal sular, eləcə də içməli və suvarma üçün istifadə olunan yeraltı şirin su mənbələrinə həsr olunmuş xüsusi stendlə başlanır. Çox böyük Daşsalahlı bentonit gili yatağına ayrıca stend həsr olunub, təbii bentonit gili nümunələri də nümayiş etdirilir.
Dağ-kimyası və dağ sənayesi xammalı yataqları bölməsi daş duz, dolomit, seolit, kvars, optik kalsit (islandiya şpatı), kükürd kolçedanı, maqnetit, pirofillit, barit, kvars qumu, bitum, yanar şist, vermikulit, törəmə kvarsit, oxra və s. nümunələrlə təmsil olunur.
Petroqrafiya bölməsi dağ süxurlarının tərkibini, əmələ gəlməsini, genezisini öyrənən sahəni əhatə edir. Bu bölmədə Azərbaycan ərazisində yayılmış bütün dağ süxuru növləri nümayiş etdirilir.
Mineralogiya bölməsində ekspozisiyanın əsasını respublikamızın ərazisindən yığılmış minerallar təşkil edir. Kolleksiyanı mümkün qədər tamamlamaq üçün dünyanın bir çox regionlarından mübadilə yolu ilə gətirilmiş nümunələr də var.
Azərbaycan-Antarktida, Azərbaycan-Afrika (Kilimancaro) və Azərbaycan-Cənubi Amerika (Akonkaqua) ekspedisiyalarının materiallarına əsasən düzəldilmiş xüsusi stendlər və nümunələr də muzeydə nümayiş etdirilir. Məsələn, Antarktidanın qranit-qneysi, Yakutiyanın kimberlitləri, Sakit Okeanın dibindən qaldırılmış süxurlar, ABŞ-nin Arizona meteoritinin qəlpəsi. Burada süxur və mineral həvəskarlarının, dünyanın müxtəlif regionlarında işləmiş geoloqların muzeyə hədiyyə etdiyi mineral, süxur və filiz nümunələri də nümayiş olunur.
Muzeyin paleontologiya bölməsində qədim dövrdən müasir dövrə qədər məhv olmuş bitki və heyvan qalıqları saxlanılır. Bütün bunlar nə vaxtsa, çox qədimlərdə milyon illər bundan qabaq Paleozoy, Mezozoyda və ya Paleogen, Neogen, Antropogendə belə özünəməxsus tərzdə inkişaf edərək daşlaşmış nümunələrdir.
Fototeka bölməsində isə respublikanın geoloji cəhətdən maraqlı guşələrini, faydalı qazıntı yataqlarını, daş karxanalarını təsvir edən panoramlar əks olunub. Muzeyin kolleksiyasında kifayət qədər nadir nümunələr var.
Eksponatların adlandırılması da maraqlıdır. Bir çox dağ süxurlarının, xüsusilə mineralların adları onları kəşf etmiş mühəndislərin və görkəmli şəxslərin şərəfinə qoyulub. Məsələn, “Götit” adı böyük alman şairi B.Götenin, “Obsidian” romalı zabit Obsianusun adı ilə bağlıdır.
Azərbaycan Geologiya Muzeyində şəxsi kolleksiyalar da xüsusi vitrinlərdə nümayiş etdirilir. Tofiq Məmmədovun “İslandiya şpatları”ndan ibarət kolleksiyası, Akif İsmayılovun mineral nümunələrindən ibarət zəngin kolleksiyası, Məhbubə Abdulqasımzadənin üst yuranın fauna kolleksiyası və həvəskar geoloq Maykl Ottuell tərəfindən dünyanın müxtəlif yerlərindən götürülmüş 64 nümunədən ibarət kolleksiya burada saxlanılır”.