Yaxın Şərq ölkələri üzrə orduların yeni reytinqi açıqlanıb.
“QİA.az” xəbər verir ki, siyahını “Global Firepover” araşdırma şirkəti hazırlayıb.
Yaxın Şərqin 14 ən güclü ordusunun yer aldığı siyahıda Türkiyə birinci yerdədir. Qardaş ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 895 min nəfərdir.
Türkiyənin Hərbi Hava Qüvvələri 1056 vasitəyə, Quru Qoşunları 3045 tank və 11 630 zirehli maşına malikdir. Türkiyə donanması isə 149 gəmi və katerlərdən ibarətdir.
Siyahıda ikinci olan Misir ordusu 1 milyon 330 min əsgər, 1053 hava vasitəsi, 3 735 tank və 11 min zirehli maşına sahibdir. Ölkənin donanması 316 gəmi və katerdən ibarətdir.
Sıralamada üçüncü yeri tutan İran ordusunun şəxsi heyətinin sayı təxminən 2 milyon nəfərdir. 516 təyyarə və helikopteri olan orduda 3709 tank və 8500 zirehli texnika var. İslam Respublikasının donanması 398 gəmi və katerə sahibdir.
Səudiyyə Ərəbistanı ordusu 505 min nəfərlik şəxsi heyətdən, 889 hava vasitəsi, 1062 tank və 12 500 zirehli maşından ibarətdir. Ölkənin donanması 55 gəmi və katerə sahibdir. Səudiyyə Ərəbistanı bu göstərici ilə Yaxın Şərqin dördüncü ən güclü ordusuna malikdir.
Son günlər Fələstindəki, xüsusən də Qəzzadakı hadisələrə görə dünyanın gündəmindən düşməyən İsrail ordusunun şəxsi heyəti 643 min nəfərdir. Ölkədə ehtiyatda olan heyətin sayı isə təxminən 3.7 milyon nəfərdən ibarətdir.
Ordunun inventarında 595 hava vasitəsi, 1650 tank, 7500 zirehli maşın var. İsrailin donanması 65 gəmi və katerə malikdir.
Siyahıda altıncı olan Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ordusunun şəxsi heyəti 65 min nəfərdir. Silahlı Qüvvələrdə 552 hava vasitəsi, 434 tank, 8 750 zirehli maşın var. Ölkənin donanması 75 gəmi və katerə sahibdir.
İraq ordusunun şəxsi heyətinin sayı 310 min nəfərdir. 350 təyyarə və helikopteri olan Silahlı Qüvvələrin 309 tankı və 5 minə yaxın zirehli maşını var. Ölkənin donanması 60 gəmi və katerdən ibarətdir. İraq ordusu sıralamada yeddinci yeri tutub.
Suriya ordusu Yaxın Şərq ölkələrinin səkkizinci ən güclü Silahlı Qüvvələri kimi qiymətləndirilib. Bu ölkə 242 min nəfərlik şəxsi heyətə, 3740 tanka və 5475 zirehli texnikaya sahibdir. Hərbi Hava Qüvvələrində 462 hava vasitə olan Suriya donanması 56 gəmi və katerdən ibarətdir.
Siyahıda doqquzuncu olan Küveyt ordusunda 87 hava vasitəsi, 367 tank və 800 zirehli texnika var. Şəxsi heyətin sayı isə 46 500 nəfərdir. Bu ölkənin donanmasında 38 gəmi mövcuddur.
Omanda 47 min əsgər, 117 tank və 700 zirehli texnika var. 128 təyyarə və helikopteri olan Oman ordusunun Hərbi Dəniz Qüvvələri 16 gəmidən ibarətdir. Ölkə bu göstəricilərlə siyahıda onuncu yeri tutub.
İordaniya ordusunun 180.000 nəfər şəxsi heyəti var. Ordunun təyyarə və helikopterlərinin sayı 261-dir. 1401 tank və 3645 zirehli texnikaya sahib İordaniyanın donanması 27 gəmiyə ev sahibliyi edir. Ölkənin Silahlı Qüvvələri Yaxın Şərqin on birinci ən güclü ordusu kimi qiymətləndirilib.
Siyahıda 12-ci olan Yəmən ordusu 113500 şəxsi heyətə, 400 tank və 600 zirehli texnikaya malikdir. 178 hava vasitəsi olan Yəmənin Hərbi Dəniz Qüvvələri 30 gəmi və katerdən ibarətdir.
Qətər ordusunda 17 min əsgər, 86 tank və 750 zirehli texnika var. 148 təyyarə və helikopterə sahib olan ölkənin Hərbi Dəniz Qüvvələri 86 gəmi və katerdən ibarətdir. Qətər bu güclə siyahıda on üçüncü yeri tutub.
Siyahının sonuncu sırasında Bəhreyin qərarlaşıb. Təxminən 20 min şəxsi heyətə sahib olan Bəhreyn ordusunda 180 tank və 845 zirehli texnika var. 110 hava vasitəsi olan ölkənin donanması 39 gəmi və katerdən ibarətdir.