Azərbaycanın ən böyük gənclər festivalı olan “Yay Fest” davam edir. Festivalın növbəti – dördüncü həftəsi “COP həftəsi” adlandırılaraq, COP29 könüllüləri üçün təşkil olunub. Həftə ərzində könüllülər COP prosesləri, ətraf mühitin mühafizəsi və iqlim problemlərinin həllində gənclərin rolu kimi mövzuları əhatə etməklə müxtəlif “yaşıl” təşəbbüslər və interaktiv fəaliyyətlərdə iştirak ediblər.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Avqustun 5-9-da təşkil olunan düşərgədə ümumilikdə 230-a yaxın COP29 könüllüsü iştirak edib. Şamaxıda təbiət qoynunda təşkil edilən tədbirdə könüllülər COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssislərinin keçirdikləri interaktiv təlimlərdə iştirak edib, eləcə də müxtəlif praktiki məşğələlərə qatılaraq təcrübələrini artırmaq imkanı qazanıblar.
Düşərgənin zəngin təlim proqramı gənclərin iqlim problemlərinə həssaslığının artırılmasına, ekoloji və COP prosesi barədə maarifləndirilməsinə yönəlib, eləcə də dayanıqlı davranışlarının formalaşmasını əhatə edib.
Düşərgə ərzində IDEA İctimai Birliyi tərəfindən təşkil olunan “Təbiət naminə” interaktiv sessiyada Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev gənclərin ətraf mühitə məsuliyyətli yanaşmasının kollektiv səylərə töhfəsindən bəhs edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və cari ildə ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi nəzərə alınaraq, “Yay Fest”in builki düşərgələrində ekologiya, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və bu problemlərin aradan qaldırılmasında gənclərin rolu, o cümlədən COP29 kimi mövzulara üstünlük verilir. “Birlikdə daha yaşıl gələcəyə!” şüarı altında baş tutan builki festival Azərbaycan Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Səkkiz düşərgədən ibarət olan və iki ay davam edəcək festivala, ümumilikdə, 2 mindən çox gənc qatılacaq.