Yeni Dehlidə UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası keçirilir

Yeni Dehlidə UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası keçirilir. Tədbirdə 150-dən çox ölkədən 2000-dən çox nümayəndə iştirak edir.

QİA.az xarici mediaya istinadla xəbər verir ki, tədbirin açılışında Hindistanın Baş naziri Narendra Modi mədəni irsin bəşəriyyətin ortaq mirası kimi əhəmiyyətini vurğulayıb, onun qlobal rifahın yaxşılaşdırılması və daha güclü əlaqələrin qurulmasında rolunu yüksək qiymətləndirib.

Modi, həmçinin mədəni irsin qlobal xarakterini vurğulayıb və Hindistanın Qlobal Cənub ölkələrinin faydalanmasına yönəlmiş potensialın artırılması, texniki yardım və dünya irsi obyektlərinin mühafizəsi məqsədilə UNESCO-nun Ümumdünya İrs Mərkəzinə 1 milyon ABŞ dolları məbləğində ianə etdiyini açıqlayıb.

Sessiya çərçivəsində iyulun 29-da “2030-cu ilə doğru: Avropa və Şimali Amerikanın Ümumdünya İrs Konvensiyasına dair öhdəlikləri üçün yeni yol xəritəsi”nin, habelə Avropa və Şimali Amerikanın 2024-2031-ci illər üçün Regional Fəaliyyət Planının təqdimatı olacaq. Bundan başqa, dünyanın müxtəlif ölkələrindən 28 nümunə Ümumdünya İrs Siyahısına daxil ediləcək.

Ümumdünya İrs Komitəsi UNESCO-nun Baş Assambleyası tərəfindən seçilmiş Ümumdünya İrs Konvensiyasının (1972) iştirakçısı olan 21 dövlətin nümayəndələrindən ibarətdir. UNESCO-nun 24-cü Baş Assambleyasına (noyabr 2023) seçkilərlə bağlı Ümumdünya İrs Komitəsinin hazırkı üzvləri Argentina, Belçika, Bolqarıstan, Yunanıstan, Hindistan, İtaliya, Yamayka, Yaponiya, Qazaxıstan, Keniya, Livan, Meksika, Qətər, Koreya Respublikası, Ruanda, Sent Vinsent və Qrenada adaları, Seneqal, Türkiyə, Ukrayna, Vyetnam və Zambiyadır.

Sessiya iyulun 31-də başa çatacaq.

Oxşar Xəbərlər