COP29 Azərbaycan Əməliyyat Şirkəti bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində yerli kiçik və orta biznesin təmsil olunması üçün unikal tərəfdaşlıq proqramını elan edib. Proqram çərçivəsində təklif olunan fürsət və imkanlar iyulun 19-da Əməliyyat Şirkətinin və COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin kiçik və orta biznes nümayəndələri ilə keçirilən görüşündə açıqlanıb.
QİA.az xəbər verir ki, bu barədə Əməliyyat Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tərəfdaşlıq proqramının əsas hədəfləri yerli sahibkarlar arasında ekoloji cəhətdən təmiz və dayanıqlı istehsal üsullarının tətbiqini təşviq etmək, ətraf mühit və iqlim dəyişmələri mövzusunda maarifləndirmə işləri aparmaqdır.
Tərəfdaşlıq proqramı milli brendlərin məhsullarını beynəlxalq auditoriya qarşısında tanıtmaq məqsədilə yerli KOB məhsullarını dünya əhəmiyyətli COP29 konfransı çərçivəsində sərgiləmək və ölkə iqtisadiyyatının inkişafında KOB payını dəstəkləməyə xidmət edir. COP29 çərçivəsində yerli məhsulların sərgilənməsi, eyni zamanda, misilsiz ənənəvi Azərbaycan naxış və motivlərinin, milli ənənə və mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə təbliğinə bir töhfədir.
Görüşdə çıxış edən N.Arpadarai İqlim üzrə yüksək səviyyəli çempion olaraq prioritet fəaliyyət istiqamətlərindən birinin KOB subyektlərinin yaşıl biznesə keçidinin dəstəklənməsi olduğunu qeyd edib. O, yerli sahibkarlara müraciət edərək KOB ilə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə yerli biznes subyektlərinin nümayəndələrinə proqrama müraciət şərtləri və qaydaları, məhsulların keyfiyyətinə dair tələblər, COP29-un “Yaşıl” və “Mavi” zonalarında sahibkarlar üçün yaradılacaq şərait, məhsulların brendinq və qablaşdırılmasına dair ətraflı məlumat verilib.
Görüşün yekununda sahibkarları maraqlandıran mövzu və suallar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, COP29-la tərəfdaşlıq imkanlarından yararlanmaq niyyətində olan kiçik və orta biznes nümayəndələri müraciətlərini iyulun 31-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.