“Oyundan-oyuna daha yaxşı çıxış edirik. Fərqli oyunçuları sınaqdan keçiririk. Düşünürəm ki, bütün hazırlıqlardan sonra futbolçularımız Azərbaycanla oyunda özlərini yaxşı tərəfdən göstərə biləcəklər”.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis Azərbaycan seçməsini yaxşı analiz etdiklərini söyləyib: “Rəqib evdə çox yaxşı oynayır. Onlar Belçika və Avstriya yığmalarına qarşı doğma meydanda keçirdikləri görüşlərdə yaddaqalan mübarizə nümayiş etdirmişdilər. Çalışmalıyıq ki, rəqib qapısından qol keçirə bilək. Ona görə də düzgün qərarlar qəbul etməli, soyuqqanlı davranmalıyıq. Komandamız çox yaxşı futbolçulardan təşkil olunub. Hücumameyilli futbol oynamalıyıq. Bu, bizim qarşımıza qoyduğumuz əsas məqsədlərdən biridir. Həmçinin yaxşı müdafiə olunmağa çalışacağıq”.
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.