Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis erməni həmkarı Ararat Mirzoyanla telefonla danışığında Ermənistanla Azərbaycanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb.
Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindən bildirilib.
Bundan başqa, nazirlər Yunanıstan və Türkiyə Ali Əməkdaşlıq Şurasının dünən keçirilən iclasının nəticələrini müzakirə ediblər.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində iki azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə öz növbəsində Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Mənbə: Sputnik Armenia