Zəfər Gününün ildönümü ilə əlaqədar 8 noyabr tarixində Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq bu ölkədə yaşayan azərbaycanlılarla səfirlikdə görüş keçirilib.
Səfirlikdən verilən məlumata görə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Azərbaycan uğrunda canlarından keçmiş şəhid həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov açılış nitqi ilə çıxış edərək dövlət istiqlaliyyətini 1991-ci ildə bərpa etmiş Azərbaycanın keçdiyi müstəqillik yolu və 8 Noyabr Zəfər Günü barədə danışıb. Dövlətimizin qüdrətini və milli qürurumuzu təcəssüm edən Zəfər Gününün hər bir azərbaycanlı üçün daşıdığı əhəmiyyət və kəsb etdiyi böyük məna açıqlanıb və bu tarixi qələbədən sonra xaricdə yaşayan soydaşlarımızın daha məğrur və həmrəy şəkildə doğma Azərbaycan naminə birgə çalışmalarının vacibliyi vurğulanıb.
Daha sonra Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən ərsəyə gələn “Biz” tarixi-sənədli filmi nümayiş etdirilib.