İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı intellektual yarışmanın seçim turu keçirilib.
QİA.az xəbər verir ki, region gəncləri arasında təşkil edilən “Qalib Gəncliyimizin III Zəfər Kuboku” layihəsinin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hisslərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaqdır.
Layihənin Ağsu və Ağdaş şəhərində keçirilən seçim turlarında ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Oyundan öncə şəhidlərimizin əziz xatirəsi yad olunub.
Tədbiri giriş sözü ilə açan İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı yarış iştirakçılarını salamlamış, turnirin keçirilməsində əsas məqsədin “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edildiyini və Ümummilli Liderimiz, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin təbliğ olunmasına, Ulu Öndər irsinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, uşaq, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, tarixi qələbəmizə gənclərə intellekt yolu ilə aşılamaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıdığını qeyd edib. Göstərilən dəstəyə görə rayon rəhbərliklərinə və yerli dövlət qurumlarına təşəkkürünü bildirib.
Seçim turunda ümumilikdə 25 komanda final uğrunda mübarizə aparıb. Azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzulardan olan suallar iştirakçıların marağına səbəb olub. Hər regional seçim turunun ən çox xal toplayan komandaları layihənin final mərhələsinə vəsiqəni təmin ediblər.
Ağsu rayonu üzrə lll yeri müəllimlərdən ibarət “TutorLab” komandası, ll yeri “Alyans” komandası və rəqiblərini qabaqlayaraq l yeri əldə edən “Tardiqrad” komandası finala vəsiqə qazanıb.
Ağdaş gəncləri ilə olan yarışda isə lll yer “Birlik”, ll yer “White Stone” və l yeri “Marsaz” komandasının olub. Onlar avqustun 12-də “Gənclər Paytaxtı” Mingəçevirdə keçiriləcək final mərhələsində yarışma hüququ qazanıb.
Ümumilikdə 13 regiondan ən güclü 16 komanda avqustun 12-də “Gənclər Paytaxtı” seçilmiş Mingəçevir şəhərində yerləşən “Ağ Saray” hotelində “Qalib Gəncliyimizin lll Zəfər Kuboku” layihəsinin qalibi adı uğrunda mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.