“Azərbaycanın işğaldan azada olunmuş ərazilərinin əhəmiyyəti durmadan artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış tarixi Bəyannamə bölgədə yeni yaranmış reallıqların əyani təzahürüdür, iki qardaş ölkənin bütün sahələrdə münasibətlərinin bundan sonra da sürətli inkişafına təkan verəcək. Bəyannamənin işğaldan azad olunmuş Şuşa şəhərində imzalanması bölgənin Azərbaycanla yanaşı, region ölkələri üçün əhəmiyyətindən xəbər verir və gələcək inkişaf üçün yeni imkanlar açır. Yaranmış imkanlar bölgəyə – öz ata-baba yurduna dönəcək azərbaycanlılar üçün nə qədər əhəmiyyətlidirsə, orada məskunlaşmış erməni əsilli Azərbaycan vətəndaşları üçün də bir o qədər önəmlidir”.
“QİA.AZ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
“Uzun illər işğal siyasətinin qurbanı olan erməni əsilli Azərbaycan vətəndaşları anlamalıdır ki, Azərbaycan Respublikasının ərazisində yaşayırlar və bütün dünya tərəfindən bu, təsdiq olunub. Artıq işğalçı Ermənistan ordusunun bölgədə mövcudluğuna qəhrəman Azərbaycan ordusu tərəfindən son qoyulub. Ermənistanın boş, utopik işğal planları puç olub. Bölgənin iqtisadi inkişafını təmin edəcək iri layihələrin icrası uğurla davam edir. Burada artıq yeni reallıqlar hakimdir. Ermənistanın da bunu başa düşməsi onların özü üçün də vacibdir. Çünki Azərbaycanın həyata keçirəcəyi layihələr, o cümlədən hələ də etiraz etdikləri Zəngəzur dəhlizinin açılmasından onlar daha çox yararlanacaqlar. Mən əvvəlki müsahibələrimdə də bu barədə demişəm ki, Zəngəzur dəhlizi, ümumiyyətlə, regionun iqtisadi inkişafını əhatə edəcək”, – S.Möhbalıyev bildirib.
Onun sözlərinə görə, Ermənistanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də böhran hökm sürür: “2016-cı ilin Aprel məğlubiyyətindən sonra ölkədə siyasi sabitlik pozulub. Ötən il Vətən müharibəsindəki məğlubiyyət Ermənistanda, demək olar ki, anarxiyaya gətirib çıxarıb. Ölkə əhalisi isə bütün bu məsələlərdə Qarbağ ermənilərini günahlandırır. Artıq Ermənistanda da bəzi siyasi və tanınmış şəxslər həqiqəti etiraf etməyə başlayıblar. Onlar, təbii ki, Ermənistan dövlətinin xilasını qonşularla münasibəti bərpa etməkdə, işğal düşüncəsindən uzaqlaşmaqda görürlər. Hətta Nikol Paşinyan da dəfələrlə çıxışlarında münasibətlərin bərpasına toxunub və əhəmiyyətini vurğulayıb. İstənilən halda bütün bunlar Ermənistan xalqının maraqlarına tam uyğundur”.
“Lakin xaricdən vəziyyəti gərginləşdirmək istəyən ermənipərəst qüvvələr də var. Qeyd edim ki, ABŞ-ın erməni lobbisinin təsiri altında olan senatorlar Dövlət Departamentini 907-ci düzəlişi dayandırmaqda günahlandırır, erməni əsirlərin qanunsuz saxlanıldığını bildirdilər. Lakin bu tələbləri verdiyi cavabla Dövlət katibi Əntoni Blinken o qədər də ciddiyə almadığını göstərdi. Ümumiyyətlə, ABŞ Senatındakı keçirilən dinləmələrlə bağlı erməni cəmiyyətinin gözləntiləri özünü doğrultmadı. Həmçinin ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinə ümid bağlayan erməni tərəfi bundan öz maraqları naminə istifadə edəcəyini düşünürdü. Lakin iyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan səmimi görüş, səsləndirilən bəyanatlar ermənilərin bu istəklərini də yarımçıq qoydu. Görüşün ardından cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlməsi və məlum bəyannaməni imzalaması erməni toplumunun bu məsələdə ABŞ-ın təsir imkanları ilə bağlı xəyallarını puç etdi. Artıq bölgə bütün dünyaya yeni görkəmində görünür və həqiqət dərk olunur”, – deputat qeyd edib.
AHİK sədri əlavə edib ki, Türkiyənin regiona gəlməsi, baş verən proseslərə cəlb edilməsi yeni siyasi reallığı ortaya qoyur və burada NATO-nun mövcudluğunu şərtləndirir: “Açıq deyə bilərik ki, artıq NATO Türkiyənin timsalında regiondadır. Bu da Rusiyanın regionda varlığının Qərb dövlətləri tərəfindən tədricən aradan qaldırıldığını göstərir. Həmçinin Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin gərginləşməsinə səbəb olur. Erməni toplumu anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Həmçinin Ermənistanda olduğu kimi, Qarabağda yaşayan ermənilər də miqrasiya məsələsində çox həssasdır. Bu da demoqrafik böhran yaşayan ölkədə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığına gətirib çıxaracaq. Görünür ki, erməni toplumunun sülhdən başqa yolu qalmır”.