Zəngilan rayonu

Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.

İnzibati mərkəzi Zəngilan şəhəridir.

Rayon 1930-cu ildə təşkil olunmuşdur. “Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Mərkəzi İcraiyyə Komitəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.

Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 14 mart 1933-cü il tarixli Qərarı ilə Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 04 yanvar 1963-cü il tarixli Qərarı əsasında bir daha Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmişdir. Lakin bu ləğv olunmadan qısa bir müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur.

Hər iki rayon müstəqil ərazi vahidləri kimi bu günə qədər mövcuddur.

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, [2][3]21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tarixi

Məmmədbəylidə türbə

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küb qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. “Zəngilan şəhəri” dedikdə əslində Pircavan şəhəri nəzərdə tutlmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır, və 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verildi.

Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur.

Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli, Canbar, Ağkənd, Dərəli, Gün-Qışlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənəndli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri MüĢlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər.

Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, “Rayşelk” (ipək idarəsi olan yer) ,Pavilyon məhləsi ,Çala dərə ,Üst məhlə və s. məhəllələri vardır.

Qədim Şərifan şəhəri

Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.

Burada “Şəhri Şərifan” və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Məlum olmuşdur ki, bu şəhər cənubu Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir. İlk qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etdi. Burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə yəni IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür. Şəhər XIV- XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunun şəhərdə tapılan düyü anbarı sübut edir.

Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb. Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir. Onun ölçüləri 5,4 x 5,4 m-dir. Onun 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Maraqlıdır ki, giriş və mehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur, abidə içəridən və çöldən dördkünc formalıdır. Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar səslənməsinə və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tili sütunlarla bəzədilmişdir. Abidənin tağının arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbucaq şəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri vardır. O, müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Divarlar və tağlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir.

Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdir. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi və nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb.

3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, parxanası və yuyunmaq yeri və hovuzları salamat qalmışdır.

Məmmədbəyli türbəsi

Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir. Onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m. hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi diqqəti cəlb edir. O, qara rəngi daşdan işlənmişdir. Konstruktiv elementlərin mütənasibliyi gözəl memarlıq kompoziyası türbəyə moni-mental gözəllik verir.

Əsas tikinti materialı kimi daşdan istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 sm olub iki, cərgədən ibarətdir. O, daxili və xarici üzlük daşlardan hörülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulub. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 x 3,30 m. ölçülü düzbucaqşəkilli plana malikdir. O, 190 sm hündürlükdə çatmatağa örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 sm, hündürlüyü isə 88 sm-dir.

İslam qaydalarına görə türbəyə və sərdabəyə girişin hündürlüyü 120 sm-dən artıq ola bilməz. Çünki, bura girən bir qədər əyilməli, mərhuma ehtiramını bildirməlidir. Sərdabənin döşəməsi yaxşı cilallanmış daşlarla hörülmüşdür. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumuyaxşı olan və eyni zamanda tanınmış şəxslərin qəbri üstündə ucaldılırdı. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir.

Hacallı dairəvi bürcü XIV əsr

Hacallı kəndindəki dairəvi bürc – bu tarixi memarlıq abidəsi də qorunurdu. Çox təssüflər olsun ki, onun haqqında bizim əlimizdə nə şəkil, nə də məlumat vardır. Bu abidə dairəvi formada olmuşdur. Bu bürcün dəqiq tikilmə tarixi bəlli deyil. Onun da səbəbi mütəxəsis rəyinin və arxeoloji tədqiqatların aparılmamasının nəticəsidir. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur.

Yenikənd sərdabəsi

Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə mövcud idi. Onun da üst hissəsi uçmuş ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat vermək imkanımız yoxdur.

Zəngilan şəhərində məscid

Rayon mərkəzində olan bu məscid XVII – XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi.

Bartaz qız qalası

Rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında Qız qalası adlanan bir qala da var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünki, yoldan xeyli aralı və yüksəklikdə olan və bir o qədər də böyük olmayan belə bir qala nə sığınacaq, nə də müdafiə istehkamı rolunu oynamayıb. Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniş bir ərazidə inşa edilir və onun ətrafı ya təbii şəraitlə qorunurdu, ya da ki, qalanın ətrafına hündür divar çəkilir və müəyyən məsafələrdən bir bürclər inşa edilirdi. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz qız qalası müşahidə məntəqəsi rolu oynamışdır. Rayonun Yeməzli və Bartaz kəndlərində qədim alban kilsələri var idi.

Muzeylər

Tarix diyarşünaslıq muzeyi rayon mərkəzində idi. Onun yüzlərlə eksponatı var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirdi. Daş heykəllər muzeyi Ağ oyuq deyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır.

Koroğlu daşı

Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bir daş əslində ondan xeyli əvvəllər mövcud olmuşdur. Bu daş ağ rəngdədir və onun nisbətən baş tərəfinə bir oyuq var. Həmin daşın yerləşdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Ağ (daş) oyuq (yenə daşda) sözləri hər şeyin adını göstərir.Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayardı. Bu oyuqda da çox güman ki, şam yanardı, müxtəlif ayinləri icra edərdilər. Daşın üzərində qəribə yazılar da vardır. Bunlar qədim türk yazılarına bənzəyirdi. Çox güman ki, bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən “Yazı düzü” də deyirlər. Bu ad da həmin daşla, onda olan yazılarla əlaqədar yaranmışdır. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun üstündə, hündür bir yerdədir.Daşın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm-dir. O yonulmuş haldadır. Neçə əsrdir günün və yağışın altında qalmasına baxmayaraq öz keyfiyyətini itirməmişdir.

Coğrafi mövqeyi

Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl rayonları, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir.

Relyefi

Qərbdə dağlıq və şərqdə düzənlikdir. Ərazisində Yura, Təbaşir və Neogen-Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s.

Təbiəti

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi – 707 km²-dir.

Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top -Dəlləkli kəndləri istiqamətində Araza doğru enir.

Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Zəngilan rayonunda Dünyada ll, Avropada l nadir çinar meşələri vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.

Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır və sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz keçir və mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır.Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə YElizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur.

Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur

İqlimi

Ərazisinin çox yerində qışı quraq keçən mülayim isti iqlim təşkil edir. Orta tem-r yanvarda 1 °C, iyulda 25,3 °C-dir. İllik yağıntı 400–500 mm-dir.

İri yaşayış məntəqələri

Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.Zəngilan rayonunun şərqində yerləşir

20 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

  • 1 yanvar, 2009-cu ilin məlumatları əsasında
ərazi
cəmikişiqadın
nəfərfaiznəfərfaiznəfərfaiz
Zəngilan rayonu39106100,015764100,023342100,0
Şəhər əhalisi1757644,94693744,011063945,58
Kənd əhalisi2153055,06882755,991270354,42

Hal-hazırda rayon ərazisində yalnız çox az sayda erməni yaşayır.

Tanınmış sakinləri

  • Abbasova Adilə Ziyat qızı – fizika-riyaziyyat elmləri doktoru, professor
  • Abaszadə Rəşad Qabil oğlu – fizika üzrə fəlsəfə doktoru
  • Paşayev Rizvan Teymur oğlu – fizika-riyaziyyat elmləri doktoru
  • Mehtiyev Qüdrət Dadaş oğlu – fizika-riyaziyyat elmləri namizədi
  • Məmmədli Zaur Rasim oğlu – Karate üzrə dünya çempionu, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
  • Piriyev Nəsib Paşa oğlu – fizika-riyaziyyat elmləri namizədi
  • Piriyev Zahid Nəsib oğlu – iqtisad elmləri namizədi
  • Bağırov Bayram Məhəmməd oğlu – texnika elmləri doktoru
  • Məmmədov Mürşüd Cabbar oğlu – tibb elmləri doktoru
  • Əmirəliev Sabir Nurqələm oğlu – tibb elmləri namizədi
  • Mütəllim Həsənov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həsən bəy Zərdabi” mükafatı laureatı, Ali kateqoriyalı müəllim.
  • Əli bəy Azəri – Yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı
  • Məhəmməd Əsədov – General Mayor
  • Mehrəliyev Oruc Şəmsəli oglu – Tibb elmləri namizədi
  • Zahir Əsədov – filologiya üzrə fəlsəfə doktoru
  • Müşfiq Orucov – Şəhid, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
  • Adil Balıyev – pedaqogika üzrə fəlsəfə doktoru, dosent
  • Təranə Şükürlü – filologiya üzrə fəlsəfə doktoru, dosent
  • Oqtay Ələkbərov – AYB üzvü, şair
  • Qulu Məhərrəmli – jurnalist-professor
  • Nəsiman Yaqublu – jurnalist, professor
  • Nüşirəvan Rüstəmov – kimya elmləri doktoru
  • Lətif Babayev Şüküroğlu – jurnalist, tarix üzrə fəlsəfə doktoru
  • Qorxmaz Qarayev – General mayor
  • Ənvər Məmmədyarov – Dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı
  • Şəhriyar Məmmədyarov – Azərbaycan şahmat qrossmeysteri
  • Tofiq Əhmədov – Bakı Zərgərlik Zavodunun Direktoru, SSRİ zərgərlik zavodları şurasının sədri
  • Vidadi Nərimanov Əvəz oğlu – tibb üzrə fəlsəfə doktoru, dosent
  • Qoşqar Təhməzli— Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olmuşdur.

O cümlədən: 39 orta məktəb, 15 əsas (8 illik) məktəb, 12 ibtidai məktəb.

Şagirdlərin sayı – 5 836

Müəllimlərin sayı – 1 115

İşğaldan sonra

2008-2009 tədris ili üçün ümümtəhsil məktəblərinin sayı – 37

O cümlədən: 34 orta məktəb, 2 əsas məktəb, 1 ibtidai məktəb.

Şagirdlərin sayı – 3 960

Müəllimlərin sayı – 821

2008-2009-cu tədris ilində 2 şagird prezident təqaüdçüsüdür.

1993-cü ildən sonra 3 müəllim “Əməkdar müəllim” adına layiq görülüb.

2 müəllim “Tərəqqi” medalı, 2 müəllim isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.

İdman

XX əsrin 80-cı illərində rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyıb. Rayonun komandasının adı isə “Süsən” idi

39°03′56″ şm. e. 46°41′48″ ş. u.
Ölkə Azərbaycan
DaxildirKəlbəcər-Laçın
İnzibati mərkəzZəngilan
İcra başçısıRamiz Həsənov
Tarixi və coğrafiyası
Yaradılıb30 avqust 1991
Sahəsi707 km²
Əhalisi
Əhalisi44 800 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-ZAN
Telefon kodu+994 26
Poçt indeksiAZ 6401
Avtomobil nömrəsi64

Oxşar Xəbərlər