Zərdab rayonu

Zərdab rayonu — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zərdab şəhəridir.

Tarixi

Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən, demək olar ki, öyrənilməmişdir. Mərkəzi əvvəllər Əlvənd olub.

Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır.

İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar.

XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri “Tarix-e Şeyx Uveys” əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265–1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər. 1266-cı ildə “Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu.

Əsərdə haqqında danışılan Delan Naur monqol dilində “yetmiş göl, yetmiş nohur” (müasir monqolca “Dalan nuur” / Далан нуур) deməkdir, monqollar Kürün şimalında Hacıqabul—Kürdəmir—Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar.

Rəvayətə görə çox-çox qədimlərdə Zərdab ərazisində – Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olmuşdur. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, “İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orada gizlənəsən, səni də tapmaq mümkün olmaya” deyirlər.

Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir.

IX–X əsrlərdə yaşamış ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərzənd (bəzi mənbələrdə Bərzənc) şəhəri vardır, karvanlar bu şəhərdən keçib gedirdi.

X əsrdə yaşamış İbn Həvqəl “Yollar və məmləkətlər” əsərində yazırdı ki, “Bərdədən Bərzəncə 18 fərsəng yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəng yol var…” Minorski sübut etmişdir ki, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur.

Görkəmli alimlərin Bərzəncin yaşıdı hesab etdikləri, bu gün də qədim adını yaşadan Körpükənd barədə qeydlər orta əsrlərin sonuna aid sənədlərdə yazılmışdır. Həmin tarixi mənbələrdə deyilir ki, Körpükənddə bərə vardı, Şamaxıdan gəlib Qarabağa, Gürcüstana, İrana, İrəvana gedən karvanlar bu körpüdən keçirdi.

Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. “Azərbaycan SSR atlası” kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500–1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından (“Qoyun ülumu”ndan — bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba (“Qoyun ülumu”na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazırdı: “I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zülhiccənin 11-də “Qoyun ülumu” kecidinin yanından Kürü keçdi…

Bu günkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazırdı. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H.Zərdabi qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşovun H.Z.Tağıyevdən icarəyə götürdüyü və redaktorluğun ona həvalə olunduğu “Kaspi” qəzetində 1892-ci ildə yazırdı: “Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…”

1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşgul olurdular.

Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc kəndi Zərdabın inzibati ərazi vahidinə daxil idi, hazırda isə Ucar rayonundadır), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər.

XIX–XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir.

Coğrafi mövqeyi

Rayonun Bakıdan şosse yolu ilə məsafəsi 231 km-dir. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşmişdir.

Relyefi

Rayonun səthi düzənlik olub, əsasən, okean səviyyəsindən aşağıdadır.

Geoloji quruluşu

Antropogen çöküntüləri yayılmışdır.

Əsas çayları Kür və Türyançayın aşağı axını olan Qarasudur.

Landşaftları və bioloji müxtəlifliyi

Ərazinin iqlimi yayı quraq keçən mülayim isti və qum-çöl iqlimidir. Boz-çəmən, şoran və şorakətli torpaqlar yayılmışdır. Kür çayı sahillərində ləkə şəklində tuqay meşələri vardır. Tuqay meşələrində müxtəlif söyüd növləri, ağyarpaq qovaq və s. ağaclara rast gəlinir. Burada kollardan çoxbudaqlı yulğun , xəzər iydəsi , qaratikan və s. növlər vardır.Ərazinin yovşanlı yarımsəhra sahələri, əsasən, yovşanlı-efcmcrli bitkilərdən ibarətdir. Burada qara- şoran, yovşan , acılıq , enliyarpaq çilədağı , soğan biberşteyn göyəyi əkin indausu, ikirəngli nalotu və s. bitkilərə rast gəlinir.

Faunası

Zərdab Böyükdimdik Bozca.jpg

Zərdab rayonu ərazisində sürünənlərdən aralıqdənizi tısbağası , Levant irigiirzəsi , qırmızıqarın təlxə , qafqaz kələzi yayılmışdır. Tuğay meşələri üçün qırqovul, adi qurqur , saxsağan , qarabaş vələmirquşu , ağ titrəkquyruq , abıquş xarakterikdir. Bozqır və yarımsəhra ərazilərdə çobanalda- dan , muy- mulu qızılquş , böyük qartal və s. quşlara rast gəlinir. Məməlilər sinfi ərazidə canavar , adi tülkü , boz dovşan, porsuq , qamışlıq pişiyi ilə təmsil olunmuşdur. Burada rast gəlinən kəlləşəkilli haf Azərbaycanın Qırmızı Kitabına salınmışdır.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Əhalinin 23%-i şəhərdə, 77%-i isə qəsəbə və kəndlərdə yaşayır.

Etnik tərkibi

Etnik
qrup
27 yanvar-3 fevral, 1999-cu il sa.13–22 aprel, 2009-cu yıl sa.
Sayı%Sayı%
Cəmi46 091100.0052 870100.00
Azərbaycanlılar46 00999.8252 84699.95
Ruslar500.11190.04
Tatarlar100.0210.00
Ukraynalılar100.0200
Türklər70.0100.00
Ləzgilər30.0110.00
Avarlar10.000.000.00
Digərləri10.0030.01

İri yaşayış məntəqələri

Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi vardır. İnzibati mərkəzi – Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xanməmmədli,Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəli Quşçu, Dəkkəoba, İsaqbağı, Qaravəlli, Böyük Dəkkə, Nəzəralılı, Şıxbağı, Kəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba, Təzəkənd kəndlərini özündə birləşdirir.

İqtisadi xarakteristikası

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq, balıqçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, çörək, asfalt, süd zavodları fəaliyyət göstərir.

Maddi-mədəni irsi

XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmis mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.

Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar – Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var.

Bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olmuşdur.

40°13′06″ şm. e. 47°42′30″ ş. u.
Ölkə Azərbaycan
DaxildirAran iqtisadi rayonu
İnzibati mərkəzZərdab
İcra başçısıMərdan Camalov
Tarixi və coğrafiyası
Yaradılıb05.02.1935
Sahəsi855.6 km²
Əhalisi
Əhalisi58 800 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-ZAR
Telefon kodu(+994) 20
Poçt indeksiAZ 6300
Avtomobil nömrəsi63

Oxşar Xəbərlər