“Fransa Senatında qəbul edilən dünənki qərarın tarixi analogiyası belədir: ikinci dünya müharibəsinin nəticələrini Almaniya qəbul edib, generallar gəlib təslimçilik aktına qol çəkib, lakin hansısa üçüncü dövlət onu tanımaq istəmir. İndi ikinci Qarabağ müharbəsinin nəticələrini Ermənistan dövləti, parlamenti və hətta xalqı da qəbul edib, lakin Senat deyir ki, yox, Ermənistan Ermənistan deyil, bizik Ermənistan!”
“QİA.AZ” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O qeyd edib ki, Senatın 25 noyabr tarixli addımı hüquqi-siyasi nəticələrindən asılı olmayaraq, 33 il əvvəl yenə də Fransada Humenite jurnalında Abel Aqanbekyanın Qarabağı Ermənistana birləşdirmək çağırışına dair mənfur məqaləsi ilə eyni mahiyyəti daşıyır:
“Həmin planın iki xalq arasında hansı miqyasda düşmənçiliyə gətirib çıxardığını hamı gördü! Müharibənin 1 dekabrdakı nəticələrinə görə Azərbaycan hərbi və siyasi yolla işğal altındakı torpaqlarının 80 faizini tam azad etmiş bir duruma nail olur. 10 noyabr razılaşmasına görə yerdə qalan Azərbaycan torpaqlarında da suveren haqlarımızın gerçəkləşməsi üçün plan hazırdır. Beləliklə, Senatın müstəqilliyi tanıma tövsiyəsi faktiki olaraq, ikinci Azərbaycan dövlətini tanımaq cəhdi sayıla bilər. Çünki yaxın gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağda əhali sayına görə Hadrutda, Xocavənddə, Ağdərədə və Şuşada yerləşərək digər ünvanlardakı bir ovuc erməni azlığından sayca çoxluq təşkil edəcəklər! Ona görə də Fransa ikinci Azərbaycan dövləti təsis etmək istəyir.
Ali Baş Komandan bəyan etdi ki, o Azərbaycana edilən təzyiqlərin miqyası haqqında bəzi sirləri gələcəkdə aça bilər. Şübhə yoxdur ki, bağlı qapılar arxasında Fransa dövlət başçısının cavabı ən sərt və qətiyyətli bir şəkildə verilib. İndi prezidentdən sonra növbə bütün dövlət strukturlarının, parlementin və bütün dünya azərbacanlılarındır”.
Deputat sonda qeyd edib ki, Azərbaycanın cavab reaksiyasının necə olması barədə müxtəlif təkliflər var:
“Bilirsiz ki, ölkəmizdə Fransa unuversiteti, məktəbi, ayrıca fakültəsi, 2 milyard avro dəyərində iqtisadi-ticari sazişlər var. Bilməliyik ki, Fransa kompaniyaları siyasətçilərin girovu deyil, əksinə onlarla, fəal iş rejimində çalışmalıyıq, o cümlədən müxtəlif patiyalar, siyasi mərkəzlərə, lobbi birliklərilə gündəlik rejimdə işləməyi davam etdirməliyik. Emosional addımları da kimsə ata bilər, lakin biz sistemli fəaliyyətimizlə dünyada belə qərarın nümunəyə çevrilməsinin qarşısını almalıyıq! Bəli, 30 il də ömrümüz hərbi zəfərimizi müdafiədə keçəcək! Bu, Azərbaycanın taleyidir!”