Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.
H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcının və bu ölkənin aparıcı hərbi sənaye şirkətlərinin rəhbərlərinin də iştirak etdikləri görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.