Ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müqavilələri Ukraynanı gücləndirir, lakin gələcəkdə NATO-ya üzv olmaq məqsədini əvəz etmir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Prezident NATO-nun Vaşinqtondakı 75-ci sammitinin sonunda Ukrayna anlaşmasının qəbul edilməsi zamanı qeyd edib ki, il ərzində ölkə üçün etibarlı təhlükəsizlik zəmanətlərinin yaradılması üzərində fəal iş davam etdirilib: “Bütün bunlar Ukraynanı gücləndirir, lakin NATO-ya üzv olmaq məqsədini əvəz etmir.”
Onun sözlərinə görə, 23 ədəd “əsaslı anlaşma mövcuddur və belə razılaşmalar başqa ölkələrlə də əldə olunacaq”.
Ukrayna prezidenti deyib: “ABŞ ilə təhlükəsizliyə dair tarixi baxımdan əhəmiyyətli müqaviləmiz var”.
“Ukrayna anlaşması münasibətlərimizi yeni səviyyəyə yüksəldir. Bu, Ukrayna və hər birimiz üçün əhəmiyyətli nailiyyətdir”, – deyə V.Zelenski qeyd edib.
Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, sənəd digər ölkələrlə imzalanmaq üçün açıqdır və uzunmüddətli hərbi və müdafiə dəstəyini, Ukraynanın gələcək müdafiə qüvvələrinin inkişaf etdirilməsini və müharibənin davam etməsi və ya gələcəkdə mümkün eskalasiya halları zamanı təcili məsləhətləşmə mexanizmini nəzərdə tutur.