Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı İkinci Qarabağ müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır.
“QİA.AZ” xəbər verir ki, ƏSA Teatrının yeni layihəsində xalqımızın Vətən müharibəsində ləyaqət və şərəflə qazandığı qələbə, səhnə əsərində öz əksini tapacaq.
ƏSA Teatrı tərəfindən hazırlanacaq film-tamaşa orijinal mövzuya və ideyaya sahibdir. Belə ki, “Qonşu” adlandırılan layihə üçün məxsusi pyes yazılıb.
Film-tamaşanın əsas ideyası Azərbaycan xalqının vətənə olan əvəzedilməz sevgisinin, qarşılıqsız mərhəmətinin tərənnümü ilə yanaşı, yüz illərdir dəyişməyən, əksinə daha da alovlanan mənfur erməni xislətinin ifşasıdır.
“Qonşu” qələbəmizin bir illiyi ərəfəsində əvvəlcə film formatında, daha sonra teatr səhnəsində tamaşaçılara təqdim olunacaq.
Film-tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, prodüseri Nicat Qulamdır. Rolları teatrın aktyorları Elşən Əsgərov, Günay Məmmədova, Elvin Şahmərdan, Səmayə Ağayarova, Anar Əliyev, İmran Lalayev, Lalə Süleymanlı və Raul Həsən ifa edəcəklər. Qeyd edək ki, aktyor Elvin Şahmərdan İkinci Qarabağ müharibəsində iştirak edib. İkinci qrup Qarabağ müharibəsinin əlili olan aktyor Şuşa və Füzuli şəhərlərinin işğaldan azad olunmasına görə müvafiq medallarla təltif olunub.
Xatırladaq ki, layihənin dəstəkçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.