Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirus xəstələrinin ev şəraitində Kompüter Tomoqrafiya (KT) və rentgen müayinələrindən keçməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
QİA.AZ Reporta istinadən bildirib ki, bu pasiyentlərin ev şəraitində KT və rentgen müayinələrindən keçməsinin heç bir elmi əsası yoxdur:
“Ev şəraitində mobil Kompüter Tomoqrafiya istifadə etmək texniki cəhətdən sadə bir şeyil deyil və ümumiyyətlə ev şəraitində onların COVID-19 xəstələrində tətbiqinə ehtiyac yoxdur. Bunun tətbiqinin Azərbaycanda artıq edildiyini mən dünən İTV kanalının “Sabaha saxlamayaq” verilişində qonaq olarkən digər qonaq həkimdən eşitdim. Düzünü desəm dəqiq deyə bilmərəm ki, həmin həkim KT müayinəsi deyərkən doğrudanmı ev şəraitində Kompüter Tomoqrafiya müayinəsini nəzərdə tuturdu, yoxsa o, sadə mobil rentgen müayinəsinə KT müayinəsi deyirdi. Hər iki halda bu müayinələrin ev şəraitində praktiki olaraq istifadəsinə heç bir tibbi göstəriş yoxdur. Bunu edən həkimlər və orta tibb işçilərinə göstəriş verən həkim-mütəxəssislər mütləq bilməlidirlər ki, bu cür rentgen şüaları xəstə insanın orqanizminə və hətta evdə olan digər insanların da orqanizminə ciddi fəsadlar törədir. Bəzən bu fəsadlar illər sonra üzə çıxır. Məsələn, uşaqlarda illər sonra müxtəlif qan xərçənglərinin yaranmasına səbəb olur. Ona görə də ev şəraitində müayinə zamanı bu məsələlər protokollarda mütləq nəzərə alınmalıdır və heç bir halda tətbiqinə icazə verilməməlidir”.