Siyəzən rayonu

Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir.

Tarixi

“Siyəzən” sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində “qara torpaq” digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar “quru su” deməkdir.

Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir.

Coğrafi mövqeyi

Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.

İqlimi

Rayonda ovalıq və dağətəyi zonalarda yarımsəhra və quru çöl iqlimi, alçaq dağlıq sahələrdə yayı quraq keçən mülayim isti iqlim hakimdir. Havanınorta temperaturu yanvarda 1,5 °C, iyulda 23–25 °C-dir. Yay isti və quraq keçir. Yağıntıların illik miqdarı 200–400 mm arasında dəyişir. Rayon ərazisindən axan Gilgil və Ata çayları Xəzər dənizinə tökülür.

Geoloji quruluşu

Rayon ərazisinin geoloji quruluşu Paleogen-Neogen və onun üzərində olan-Üst təbaşir çöküntülərindən ibarətdir.

Çayları və su hövzələri

Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Gilgilçay başlanğıcını Gülümdostu dağının (2713 m) yamacından 1980 m yüksəklikdən alır.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Siyəzən rayonunun əhalisi 42,8 min nəfərdir (1 yanvar, 2020). Əhalinin orta sıxlığı hər kv. km-ə 58nəfər (1 yanvar, 2020) düşür. Rayonun kənd əhalisi (33,39%) şəhər əhalisinə (65,61%) nisbətən azdır (13–22 aprel, 2009 s.a. əsasən). Ümumi əhalinin isə 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. Əhali əsasən azərbaycanlılardan ibarətdir, həmçinin rayonda ləzgilər, ruslar, türklər, tatar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır.

Görkəmli şəxsləri

  • Hacızadə Elşən — iqtisad elmləri doktoru, professor. Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü.
  • Füzuli Hacıyev — Siyəzən və Lerik rayonlarının keçmiş icra başçısı, tarix elmləri namizədi.
  • Namiq Abdullayev — yazıçı.
  • Bəybala Xutkar oğlu Abbasov — tibb elmləri doktoru, professor.
  • PRoMete — Pərviz Ramiz oğlu İsaqov (15 iyun 1986, Siyəzən, Azərbaycan), PRoMete ləqəbilə tanınan Azərbaycanlı reper və prodüser.

İqtisadi xarakteristikası

Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində “Siyəzən-Broyler” ATSC fəaliyyət göstərir.

Maddi-mədəni irsi

Dünya əhəmiyyətli abidələr:

  1. Beşbarmaq paralel müdafiə səddi (IV–VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Hazırda dövrümüzə qədər səddin bir hissəsi gəlib çatmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.
  2. Gilgilçay müdafiə istehkamlar kompleksi (V əsr) — Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qala-altı kəndlərindən keçərək Çıraq qala ilə birləşir.

Ölkə və yerli əhəmiyyətli abidələr:

  1. Pir Xəlil türbəsi (XVIII əsr) — Gil-Gilçay qəsəbəsində yerləşir. Hazırki dövrə qədər salamat qalmışdır.
  2. Qala qalıqları – Dindar qalası (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
  3. Şeyx Heydər türbəsi (XV əsr) — qədim Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
  4. Karvansaray qalıqları (XV–XVII əsrlər) — Bakı-Dəvəçi şosse yolunun 87 km. sağ tərəfində yerləşir.
  5. Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
  6. Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
  7. Daş mağara — Dib kəndində yerləşir.
  8. Dəmiryol vağzalı (1898) — Gil-Gilçay stansiyası.
  9. Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
  10. Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
  11. Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
  12. Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.

Xatirə abidələri:

  1. Cəfər Cabbarlının heykəli.
  2. Mikayıl Müşviqin heykəli.
  3. “1941–1945” abidə kompleksi.
  4. “20 Yanvar” abidə kompleksi.
  5. “Neftçi şəhidlər” abidə kompleksi.
  6. Heyder Eliyev heykeli
40°59′ şm. e. 49°11′ ş. u.
Ölkə Azərbaycan
DaxildirQuba-Xaçmaz
İnzibati mərkəzSiyəzən
İcra başçısıNovruz Novruzov
Tarixi və coğrafiyası
Yaradılıb11 fevral 1940
Sahəsi738.4km²
Hündürlük183 m
Əhalisi
Əhalisi42 604(2020) nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-SIY
Telefon kodu994 23
Poçt indeksiAZ 5300
Avtomobil nömrəsi53

Oxşar Xəbərlər