İşğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar məcburi köçkünlər arasında sorğuların keçirilməsinə hazırlıq işləri davam etdirilir.
Bu barədə “QİA.AZ”ın sorğusuna cavab olaraq ADA Universitetindən bildirilib.
Qeyd olunub ki, məcburi köçkünlər arasında sorğuların keçirilməsi istiqamətində hazırlıq işləri aparılır. Hazırlıq işləri tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar məcburi köçkünlər arasında sorğular keçirilməsi və onların niyyətinin öyrənilməsi barədə müvafiq tapşırıq verib.
Belə ki, məsələ ilə bağlı ümumi rəyin müəyyənləşdirilməsi, həmin ərazilərə qayıdanların ehtiyaclarının, onların bərpa işlərində iştirak imkanlarının, sahibkarların işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi şərtlərinin öyrənilməsi məqsədilə məcburi köçkünlər, habelə sahibkarlar arasında sorğular keçiriləcək.
Qeyd olunan layihənin ADA Universiteti nəzdində yaradılan xüsusi tədqiqat qrupu tərəfindən həyata keçiriləcək.