1906-cı ilin 15 aprelində Bakıda Azərbaycan dilində ilk uşaq jurnalı olan “Dəbiristan”ın birinci sayı çapdan çıxıb. Dövrün tanınmış ziyalıları Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və başqaları həmin jurnalla yaxından əməkdaşlıq ediblər.
***
1917-ci ilin bu günü Bakıda Qafqaz Müsəlmanlarının I Qurultayı işə başlayıb. Aprelin 20-dək davam edən qurultayda ilk dəfə milli ərazi muxtariyyəti ideyası irəli sürülüb.
Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qəbul edilən qərarda deyilirdi: “Rusiyanın müsəlman xalqlarının mənafeyini ən yaxşı şəkildə təmin edən dövlət quruluşu forması ərazi-federasiya prinsiplərinə əsaslanan demokratik respublikadır.”
***
1920-ci il aprelin 15-də Sovet Rusiyasının qoşunları Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında cəmləşdi. Bununla əlaqədar ölkənin xarici işlər naziri Fətəli xan Xoyski Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Çiçernə nota göndərərək Azərbaycan dövlətinin narahatlığını ifadə etdi. Lakin Rusiya tərəfi buna heç bir münasibət bildirmədi.
***
15 aprel 1931-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün təklifi ilə Türk Tarixi Tədqiqat Cəmiyyəti quruldu. Dörd ildən sonra sonra cəmiyyətin adı Türk Tarixi Qurumu olaraq dəyişdirildi.
***
15 aprel 1933-cü ildə Ankara-İstanbul arasında tarifli təyyarə səfərləri başladı.
***
1967-ci il 15 apreldə Nyu-York və San-Fransiskoda təxminən 200 min adam Vyetnam Müharibəsinə etiraz üçün qalxdı.
***
1970-ci ilin 15 aprelində Yaponiya ilk elektron hesablama maşını düzəltdiklərini elan etdi.
***
15 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Avropa intibah dövrü (Rönenans) incəsənətinin dahi nümayəndələrindən biri – alim, şair, rəssam, ixtiraçı və mühəndis Leonardo de Vinçi (Leonardo di ser Piero da Vinci) 1452-ci ilin bu günü İtaliyanın Ançiano (Anchiano) şəhərində anadan olub.
“Madonna qayalar arasında”, “Mona Liza” (Liza del Cakondanın portreti), “Müqəddəs Məryəm körpə İsa ilə”, “Kahinlərin təzimi”, “Son şam yeməyi” və onlarla başqa əsərində rəssam insanların hiss və həyəcanlarını hədsiz dramatizmlə canlandıra bilib.
Leonardo de Vinçi dahi rəssam və görkəmli riyaziyyatçı idi.
***
Böyük rus alimi Mixail Lomonosov 1765-ci ilin 15 aprelində vəfat edib.
Adi kəndli ailəsindən olan Lomonosov fitri istedadı sayəsində gənc yaşlarından bir çox ali təhsil ocağında mühazirələr oxuyub, fizika, kimya və riyaziyyat sahəsində tədqiqatları ilə məşhurlaşıb.
Sankt-Peterburq Elmlər Akademiyası və Moskva Universitetinin təşkilində əvəzsiz xidmətləri olan Mixail Lomonosov dünya elmində daha çox enerjinin itməməsi, çevrilməsi, yerdəyişməsi qanununun müəllifi olaraq tanınır. (1711-1765)
***
14 aprel 1865-ci ildə Vaşinqtondakı Ford Teatrında tamaşa izləyərkən Amerika Birləşmiş Ştatlarının prezidenti Abraham Linkolnu (Abraham Lincoln) teatr aktyoru Con Uilks Bus (John Wilkes Booth) tapança ilə vurub. Bir gün sonra ABŞ prezidenti həyatdan köçüb.
Bu, Amerika tarixində prezidentə qarşı ilk sui-qəsd idi.
Qeyd edək ki, Linkolnun prezidentliyi dövründə quldarlıq ləğv edilmişdi. (1809-1865)
***
Bu gün tanınmış Azərbaycan memarı Sadıq Dadaşovun xatirə günüdür.
1905-ci ildə Bakıda doğulan Sadıq Politexnik İnstitutunu (indiki Texnik Universiteti) bitirib.
Memarlığa dair əsərlərini Mikayıl Hüseynovla birlikdə yaradan S.Dadaşovun layihəsi əsasında Azərbaycanın bir çox şəhərlərində yaşayış, ictimai və mədəni məişət binaları tikilib. Əsas işləri Azərbaycan Texniki Universiteti, Dövlət Konseravtoruyası, Nizami kinoteatrı, Nizami adına Ədəbiyyat muzeyidir.
Sadıq Dadaşov 1946-cı ilin 15 aprelində 41 yaşında dünyasını dəyişib. (1905-1946)
***
Qırmızı Xmerlerin rəhbəri, 3 il Kambocanın baş naziri olmuş Pol Pot 1998-ci ilin bu günü ölüb. Onun hakimiyyəti dövründə qırmızı xmerlər bir milyon 700 min insanı öldürərək böyük bir qətliam törədib.